Süni intellektli ilk peyk buraxılışa hazırdır

813

Bir neçə aydan sonra süni intellektlə təchiz edilən ilk Avropa peykinin buraxılışı gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv www.naukatv.ru” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, yeni Yer səthinin müşahidə peyki məlumatların planetdən və əksinə göndərilməsi üzrə effektivliyi artıra bilər. “PhiSat” adlı inqilabi süni intellekt texnologiyası “FSSCat” missiyasının iki peykinin birində göndəriləcək. İspaniyanın Kataloniya Politexnik Universiteti tərəfindən təklif edilən missiyanı Avropa şirkət və institutlarının daxil olduğu konsorsium hazırlayıb. İki kiçik peyk müasir ikiqat mikrodalğalı və hiperspektral optik alətlərdən istifadə edərək məlumatlar toplayacaq. Bundan başqa, onlar peyklərarası rabitə texnologiyası üzrə bir sıra eksperimentlər aparacaqlar.

Məlumata görə, kosmosda süni intellektin potensialının nümayişi üçün Avropa Kosmik Agentliyi missiyanı növbəti səviyyəyə qaldırmaq məqsədilə tərəfdaşlarla birgə “PhiSat” texnologiyasının hazırlanması üzərində işi davam etdirir. Kosmik gəmi kosmosda süni intellektə malik ilk Avropa aparatı olacaq. Peyklər Yer kürəsinin şəkillərinin çəkilməsi ilə məşğul olacaqlar. Onların bəzisi isə bulud örtüyünə görə tədqiqatlar üçün əlverişsiz olacaq. Bu korlanmış təsvirlərin Yerə ötürülməsinin qarşısının alınması üçün süni intellektə malik çip onları filtrdən keçirərək ən yaxşılarını seçəcək. Çox güclü alət terabayt tutumunda məlumatlar toplayacaq. Onlardan gələcəkdə, məsələn, bitki örtüyündəki dəyişikliklərin monitorinqi və suyun keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə mümkün olacaq.

Nizam Nuriyev

PAYLAŞ