AMEA Aşqarlar Kimyası İnstitutunda “Qanlı yanvar faciəsi”nin 30-cu ildönümü qeyd edilib

1490

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda (AKİ) bu elmi müəssisənin Yeni Azərbaycan Partiyası İlk Ərazi Təşkilatı, Azad Həmkarlar İttifaqı Təşkilatı, Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanılan tədbiri giriş nitqi ilə açan İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, “Qanlı yanvar” tarixində xalqımıza qarşı həyata keçirilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla, ölkəmizin şərəfli qəhrəmanlıq tarixinə qızıl hərflərlə, ancaq bəşər tarixinə qara hərflərlə yazılıb. Onun sözlərinə görə, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib. Akademik qeyd edib ki, o müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

İnstitut rəhbəri həmin qanlı hadisələrdə bütün təbəqələrdən olan insanlar – şagird, tələbə, müəllim, alim və digər görkəmli ziyalılarımız şəhid olmuşdur. O Azərbaycan elminin parlaq nümayəndələrindən sayılan professorlar – İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədovanın şəhid edildiyini, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədovanın ağır yaralandığını qeyd etdi: “Bəlkədə tarixi təsadüfdür ki, bizim İnstitutun aparıcı elmi işçisi olan professor İdris Əhmədov ötən il məhz 20 yanvar tarixində vəfat etdi. Şübhəsiz onun vəfatında o zaman aldığı fiziki zədə və ən əsası da mənəvi sarsıntıların öz təsiri olmuşdur”.

“20 yanvar Azərbaycan qırılmaz əzm və iradəsinin rəmzi” mövzusunda məruzə edən AKİ Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib: “Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının ictimai şüurunda da ciddi dəyişiklik baş verdi, xalqımız milli azadlıq hərəkatına başladı və şəhidlərin vətən üçün tökdükləri qan hədər getmədi”.

Məruzəçi vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verildi: “Məhz onun siyasi iradəsi ilə Milli Məclisdə qəbul olunan Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi”.

E.İsakov qeyd edib ki, bu gün Şəhidlər Xiyabanı Azərbaycanın hər bir vətəndaşının müqəddəs and yeri və ziyarətgahına çevrilib: “Bu il 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd etməyə hazırlaşırıq. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Deməli, nəsillər dəyişsə də, Vətən oğullarının xatirəsi bundan sonrada ürəyimizdə əbədi yaşayacaqdır”.

İnstitutun Mülki müdafiə qərargahının rəisi, polkovnik-leytenant Hüseyn Dünyamalıyev çıxış edərək öz acı xatirələrini bölüşüb, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində oynadığı rol barədə fikirlərini bildiriblər. Həmin qanlı hadisələrin, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğu vurğulanıb.

Daha sonra tədbirdə çıxış edən İnstitut əməkdaşı dosent Nüsrət Əliyev qanlı 20 yanvar faciəsinə həsr etdiyi şeri oxudu, xatirələrini bölüşdü.

 

PAYLAŞ