“Samsung” smartfonlarının dezinfeksiyası üçün pulsuz xidmət istifadəyə verilib

1318

“Samsung” qurğularının dezinfeksiyası üzrə pulsuz xidmət istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Galaxy Sanitizing Service” adlı xidmətdən rəsmi “Samsung” servis mərkəzlərində və “Samsung Experience Store” mağazalarında istifadə etmək mümkündür. Xidmət çərçivəsində şirkət əməkdaşları tərəfindən ultrabənövşəyi şüalanma vasitəsilə “Galaxy” seriyalı smartfon, “ağıllı” saat və qulaqcıqların dezinfeksiyası aparılır. Bununla qurğulardakı bütün bakteriya, mikrob və viruslar məhv edilir. “Samsung” nümayəndələrinin sözlərinə görə, dezinfeksiya üçün qurğular texnikanın işinə təsirinin müəyyənləşdirilməsi üçün əvvəlcədən test edilib.

Məlumata görə, şirkət smartfonun təmizlənməsi üçün abraziv materiallardan və ya bərk kimyəvi maddələrdən istifadəni tövsiyə etmir. Bu, onların ekranı cızması və ya oleofob örtüyü zədələməsi ilə izah olunur. Bundan başqa, “IP” reytinqinə malik olmayan qurğularda kimyəvi mayelərdən istifadə daxilə suyun düşməsinə səbəb ola bilər ki, bu da potensial baxımdan qurğunu sıradan çıxarar.

Hazırda xidmət Argentina, Çili, Xorvatiya, Danimarka, Finlandiya, Koreya Respublikası, Malayziya, Yeni Zelandiya, Norveç, Pakistan, Peru, Polşa, Rusiya, İspaniya, İsveç, ABŞ, Ukrayna, Vyetnam və Yaponiya kimi dünyanın 19 ölkəsində pulsuz təklif olunur.

Nizam Nuriyev

 

PAYLAŞ