AMEA Aşqarlar Kimyası İnstitutu Rusiya Elmlər Akademiyası A.Favorski adına Sibir Bölməsinin İrkutsk Kimya İnstitutu ilə elmi əməkdaşlığı genişləndirib. İnstitutdan verilən məlumata görə əməkdaşlıq müqaviləsi çərçivəsində aparılan beynəlxalq müştərək tədqiqatların miqyası genişləndirilib. Razılaşmaya görə, İrkutsk Kimya İnstitutunun Heterotsiklik birləşmələr laboratoriyasında sintez olunmuş 8 maddənin Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezi və təsir mexaniziminin nəzəri əsasları” laboratoriysında həm sürtkü materiallarının oksidləşməsinə qarşı antioksidant xassələri, həm də fizioloji fəal maddə kimi enzim-izoenzim inhibitorları xassələri ətraflı tədqiq edilmiş və əldə olunan mühüm elmi nəticələr 2 məqalə şəklində hazırlanaraq nüfuzlu xarici jurnallarda çapa göndərilmişdir.
Məlumatda deyilir ki, qarşı tərəfdən artıq növbəti mərhələ üçün 14 yeni maddə göndərilmiş, onların müxtəlif fermentlər üzrə patoloji proseslərə qarşı antioksidant, antikanser, izoenzim inhibitor fəallığı ilə bağlı “molekulyar dokinq” tədqiqatları aparılmaqdadır.
Hazırda koronavirus pandemiyası ilə əlaqədar Rusiya və Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğu üçün laboratoriya tədqiqatları dayandırılsa da, iki institut arasında yaradılan beynəlxalq tədqiqat qrupunun üzvləri onlayn rejimdə videomüzakirələr təşkil edərək elmi nəticələrlə bağlı məsləhətləşmələr aparırlar.