“Windows 10” əməliyyat sistemi yeniləməsi kompüterlərdə səsin söndürülməsi və məlumatların müvəqqəti itirilməsi ilə nəticələnib. Bu barədə əməliyyat sistemi istifadəçilərinə istinadən “Windows Latest” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mayın 10-da buraxılan KB4556799 yeniləməsini alan istifadəçilər “Microsoft” və “Reddit” forumunda problemlərdən şikayətləniblər. Əksər istifadəçilərin sözlərinə görə, yeniləmədən sonra kompüterlərdə səs çıxmamağa başlayıb, bir sıra hallarda səhv səbəbindən səs kartının proqram təminatı silinib. Bəzi məlumatlarda qeyd olunur ki, qoşulma zamanı səs eyni anda həm dinamikdən, həm də qulaqcıqdan gəlməyə başlayıb.
Jurnalistlərin qiymətləndirməsinə görə, istifadəçilərin cüzi hissəsi şəxsi məlumatların yoxa çıxmasından şikayətlənib. “Mənim kompüterim avtomatik bu versiyayadək yenilənib və bütün fayllar silinib. Onları necə bərpa edəcəyimi bilmirəm və problemin daha da çətinləşməsindən qorxuram”, – “Windows” sistemli fərdi kompüter istifadəçisi deyib. Nəşrin fikrincə, fayllar sistemin quraşdırılması zamanı aktivləşdirilmiş müvəqqəti istifadəçi profilində yaranan səhvə görə yoxa çıxa bilər.
Silinən faylların bərpası üçün nəşr qurğunu bir neçə dəfə (6-7 dəfə təkrarlamaqla) yenidən başlatmağı və gizli sənədlər görünənədək gözləməyi tövsiyə edir. Həmçinin səslə bağlı problemlərin aradan qaldırılması üçün səs parametrlərinin yenidən tənzimlənməsi və ya KB4556799 sistem yeniləməsinin silinməsi məsləhət görülür.
Nizam Nuriyev