ADNSU-nun tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

130

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında istehsalat təcrübəsinə start veriblər. Bununla əlaqədar 19 fevral 2024-cü il tarixdə İnstitutun akt zalında təcrübəçi tələblərlə görüş keçirilib.

Görüşdə İnstitutun icraçı direktoru kimya elmlər doktoru, professor Əfsun Sucayev təcrübə keçəcək tələbələri institutun tarixi, mövcud laboratoriyaları, fəaliyyət istiqamətləri, dünya şöhrətli alimləri, mühüm elmi nailiyyətləri, ölkənin iqtisadi həyatında və müdafiə qüdrətinin artırılmasında rol onyayan tətbiqi işləri haqqında məlumatlandırdı. O tələbələri laboratoriyalar haqqında məlumatlandırıb və bildirib ki, təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələrin aparılmasında yaxından iştirak edəcəklər və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq edə biləcəklər. Bu da onların əldə etdikləri nəzəri bilik və bacarıqlarının təcrübi yolla möhkəmlənməsinə imkan verəcək.

Ə.Sucayev bu yaxınlarda ADNSU ilə Aşqarlar Kimyası İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandığını, sənəddə beynəlxalq səviyyəli müştərək elmi tədqiqatlardan tutumuş tələbə və magistrantların təcrübəkeçməyə qədər bütün məsələlərin öz əksini tapdığını, bunun da elmlə təhsilin inteqrasiyası istiqamətində mühüm əməli addım atılmasının bariz nümunəsi olduğunu söyləyib.

O eyni zamanda qeyd edib ki, artıq 3 ildir ki, institutda təcrübəkeçən tələbələrin elmə və təcrübəkeçməyə marağının artırılmasından ötrü onların içərisində öz bilik-bacarıq və davranışı ilə seçilən üç tələbəyə sonda diplom verilir. Bu ildə həmin ənənə davam etdiriləcək.

Sonra tələbələr qruplara ayrılaraq ayrı-ayrı laboratoriyalara təhkim olunublar.

Məlumat üçün qeyd edək ki, 40 nəfər tələbənin istehsalat təcrübəsi 24 may 2024-cü il tarixinə qədər davam edəcək.

PAYLAŞ