Ağrı hiss edən robot nümayiş etdirilib

1514

Yaponiyanın Osako Universitetinin mühəndisləri “Affetto” robotunun təkmilləşdirilmiş versiyasını təqdim ediblər. Robot uşaq gülümsəyə, qaşqabağını tökə, ağlaya, gözlərini yuma bilirdi, indi isə o, ağrını hiss edir.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Affetto” robotu üzərində işlərə 2011-ci ildə başlanılıb. Gülümsəyən “körpə” süni dəri ilə örtülmüş realistik baş skeletinə malikdir. Bu və ya digər emosiyanı ifadə etmək üçün müəyyən şəkildə öz formasını dəyişən 116 datçik quraşdırılıb.

Robot uşağın yeni versiyası taktil datçikə elektrik boşalması tətbiq edildikdə aktivləşən “süni ağrı sistemi” ilə təchiz edilib. Alim düyməyə sıxan kimi buna cavab olaraq “Affetto” robotunun sifəti diksinməyə, qırışmağa başlayır.

Aparıcı tədqiqatçının fikrincə, “ağrı datçikləri” nə vaxtsa maşınlara mərhəmət ifadə etməyə, başqasının dərdinə şərik olmağa imkan verəcək. “Biz Yaponiyada bütün cansız cisimlərin ürəyə sahib olmasına inanırıq, buna görə bu cəhətdən metal robot insandan heç nə ilə fərqlənmir: insan və əşyalar arasında daha az sərhəd var” – layihənin rəhbəri deyib.

Emil Hüseynov

PAYLAŞ