AKADEMİK  ƏLİ  QULİYEV – 110

233

2022-ci il may ayının 31-də üzvi kimya, neft kimyası və neft emalı sahəsində görkəmli alim, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, respublikanın əməkdar elm xadimi, Azərbaycan və iki dəfə SSRİ Dövlət mükafatı laureatı, kimya elmləri doktoru, professor, AMEA Aşqarlar Kimyası İnstitutunun (AKİ) ilk direktoru Əli Musa oğlu Quliyevin anadan olmasının 110 ili tamam oldu.

Ə.M.Quliyev şərəfli yaradıcılıq yolu keçərək, sıravi ibtidai kənd müəllimliyindən dünya şöhrətli tanınmış alim səviyyəsinə yüksəlmişdir. Onun 1937-ci ildən sonrakı bütün həyatı və elmi fəaliyyəti Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu (AzETNİ) ilə bağlı olmuş, sonralar o,  AzETNİ əsasında yaradılan Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) və AKİ-də çalışmışdır.

Ə.M.Quliyev 1934-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş, Dövlət imtahan komissiyasının qərarı ilə üzvi kimya kafedrasına assistent vəzifəsinə təyin edilmişdir.

Ə.M.Quliyev tələbə ikən, 1937-ci ildə V.V.Kuybışev adına AzETNİ-də elmi fəaliyyətə başlamışdır.

Böyük Vətən müharibəsi illərində Ə.M.Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə o dövrdə çox mühüm əhəmiyyəti olan tank əleyhinə yandırıcı butulka ampulalarının resepti hazırlanmış və müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. O, həmçinin yanğın törədən döyüş sursatlarının reseptini hazırlayaraq onların istehsalını təşkil etmiş, geniş miqyasda mühüm dərman maddələri və yuyucu vasitələr, yeni katalitik proseslər işləyib hazırlamışdır. Ə.M.Quliyevin bilavasitə iştirakı ilə aviasiya benzininin yüksək oktan ədədli komponenti olan alkilbenzolun alınma texnologiyası işlənib hazırlanmış və sənayedə istehsalı təşkil edilmişdir.

Dövlət tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyinə görə o, «Şərəf nişanı» ordeni, «Qafqazın müdafiəsi uğrunda», «1941-1945-ci illər Böyük Vətən müharibəsində əmək rəşadətinə görə» və s. medallarla təltif edilmişdir.

40-cı illərdə texniki tərəqqi xalq təsərrüfatımızın bütün sahələrində maşın və mexanizmlərin təkmilləşməsinə və sayının artmasına gətirib çıxartdı. Bu isə sürtkü materiallarının və xüsusən, sürtkü yağlarının keyfiyyətinin yüksəldilməsi problemini çox kəskin şəkildə qarşıya qoydu. Neft kimyasında yeni istiqamət – sürtkü yağlarına aşqarların kimyası elminin formalaşması başladı. Bu sahədə tədqiqatlar sənaye cəhətdən inkişaf etmiş dövlətlərdə XX yüzilliyin 30-cu illərinin başlanğıcından, keçmiş SSRİ, o cümlədən Azərbaycanda 30-cu illərin sonlarında başlandı.

Aşqarların sintezi və tətbiqi sahəsində məqsədyönlü tədqiqatlar aparmaq üçün Y.H.Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Kuybışev adına Elmi-Tədqiqat Neft İnstitutunda o vaxt gənc alim olan akademik Ə.M.Quliyevin rəhbərliyi ilə ixtisaslaşmış laboratoriya yaradıldı. İlk dəfə bu kollektiv tərəfindən aparılan fundamental tədqiqatlar ölkəmizdə aşqarların sənaye istehsalının təməlini qoydu. Tezliklə bu laboratoriya tərəfindən SSRİ-də ilk dəfə olaraq bir sıra aşqarlar yaradıldı və istehsalata tətbiq edildi.

Aşqarların işlənib hazırlanması və sənayeyə tətbiqi sahəsindəki xidmətlərinə görə Ə.M.Quliyev bir sıra əməkdaşları ilə birlikdə 1948 və 1950-ci illərdə SSRİ Dövlət mükafatı laureatı adına layiq görüldü.

Laboratoriyada müxtəlif növ aşqarların işlənib hazırlanması və sənayedə tətbiq edilməsi sahəsində aparılan intensiv tədqiqatlarla yanaşı, aşqarlar kimyası sahəsində fundamental tədqiqatlar da başlandı.

Problemin vacibliyini və aşqarların yaradılması və tətbiqində əldə edilmiş nailiyyətləri, həmçinin aşqarlar kimyasının fundamental məsələləri üzrə əldə edilmiş mühüm elmi nəticələri nəzərə alan SSRİ-nin görkəmli alimlərinin təklifi ilə 1965-ci ildə AEA Neft-Kimya Prosesləri İnstitutunun aşqarların sintezi və texnologiyası laboratoriyasının əsasında ölkəmizdə ilk ixtisaslaşmış Aşqarlar Kimyası İnstitutu yaradıldı.

Akademik Ə.M.Quliyev institutun təməlini qoymuş, onun təşkilatçısı və 1987-ci ilədək fasiləsiz direktoru olmuşdur. Akademik Ə.M.Quliyevin rəhbərlik etdiyi illər ərzində institut aşqarlar kimyası sahəsində görkəmli nailiyyətlər qazanmışdır.

İnstitutda Ə.M.Quliyevin rəhbərliyi ilə sürtkü yağları, yanacaq və yağlayıcı-soyuducu mayelərə aşqarların yaradılması və onların istehsal texnologiyasının hazırlanması sahəsində aparılan geniş tədqiqatlar nəticəsində yüksək təsirli yeni aşqarlar və müxtəlif növ sürtkü yağları, xüsusi mayelər yaradılmışdır. İnstitutun işləmələri Sumqayıt, Bakı, Ufa, Perm, Sankt-Peterburq, Nijniy-Novqorod və Yaroslavl kimi sənaye şəhərlərində tətbiq edilmişdir. SSRI-də istehsal olunan aşqarların ümumi həcminin 20%-i AKİ-nin alimləri tərəfindən yaradılmış aşqarların payına düşürdü. Bu elmi müəssisənin yaratdığı aşqarların istehsalını təşkil etmək üçün Sumqayıt şəhərində xüsusi ixtisaslı Aşqarlar zavodu təşkil edilmişdi. O dövrdə Bakı Neft Emalı zavodunda istehsal olunan bütün motor yağları AKİ alimləri tərəfindən və bu İnstitutun aşqarları əsasında yaradılmışdır.

Keçmiş İttifaqda istehsal edilən bəzi xüsusi təyinatlı mühərriklərin və transmissiya sistemlərinin normal işləməsini təmin edən sürtkü yağları da akademik Ə.M.Quliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə AKİ tərəfindən onun aşqarları əsasında yaradılıb. Strateji əhəmiyyətli bu yağlar hal-hazırda da respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir.

Akademik Ə.M.Quliyev və əməkdaşları 1971-ci ildə Bakı neftlərindən alınan motor yağlarının keyfiyyətini yüksəldən yeni aşqarların sintezi, texnologiyasının hazırlanması, sənayedə tətbiqi və onların əsasında sürtkü kompozisiyaları yaratdıqlarına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görüldülər.

Ə.M.Quliyev Naftalan neftini sistematik olaraq uzun müddət tədqiq edərək onu müasir fiziki və kimyəvi üsullarla öyrənmişdir. Xromotoqrafiya üsulu ilə Naftalan nefti ayrı-ayrı fraksiyalara ayrılmış və onların karbohidrogen tərkibi müəyyən edilmişdir. Kompleks şəkildə aparılmış tədqiqatlardan məlum olmuşdur ki, əsas müalicə funksiyası  daşıyan yüksək fizioloji aktivliyə malik komponent naften karbohidrogenləridir. Naftalan neftindən naften karbohidrogenlərini almaq üçün xüsusi istehsal texnologiyası işlənib hazırlanmış və bu proses institutun təcrübə zavodunda istehsalata tətbiq edilmişdir.

Akademik Ə.M.Quliyevin elmi fəaliyyəti həmişə pedaqoji iş ilə bilavasitə əlaqədar olmuşdur. O, 1939-cu ildən 1974-cü ilə qədər elmi-tədqiqat işləri ilə yanaşı Azərbaycan Dövlət Universitetində müəllimlik edərək, respublikamızda yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir.

Akademik Ə.M.Quliyev 50 illik elmi fəaliyyəti ilə aşqarlar kimyası sahəsində elmi məktəb yaratmışdır. Onun məktəbinin yetirmələri sırasında 19 elmlər doktoru, 60-dan çox elmlər namizədi var. Bu kadrların bir çoxu hal-hazırda respublikamızın elm, tədris və digər müəssisələrində çalışaraq respublika  elm və iqtisadiyyatının inkişaf edib möhkəmlənməsinə xidmət edir.

1974-cü ildə Ə.M.Quliyevə respublika kimya elminin inkişafı və elmi kadrların yetişdirilməsi sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Əməkdar Elm Xadimi adı verilmişdir.

Ə.M.Quliyev neft kimyası, aşqarlar kimyası və üzvi kimyanın mühüm problemlərindən bəhs edən 600-dən çox elmi əsərin, o cümlədən 200-ə yaxın ixtira və 10 monoqrafiyanın müəllifidir. 1972-ci ildə çapdan çıxan «Yağlara və yanacaqlara əlavə edilən aşqarların kimyası və texnologiyası» monoqrafiyası Çexoslavakiyada slavak və Macarıstanda macar dillərinə tərcümə olunmuşdur.

Ə.M.Quliyev dəfələrlə kimya elmimizi bir sıra xarici ölkələrdə elmi mərkəzlərdə, elmi konfrans, konqres və simpoziumlarda layiqli təmsil etmişdir.

Akademik Ə.M.Quliyevin əməyi yüksək qiymətləndirilmişdir. O, iki dəfə «Qırmızı əmək bayrağı», üç dəfə «Şərəf nişanı» ordeni, beş dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və bir neçə medallarla təltif edilmişdir. Yüksək təsirli aşqarların sintezi və onların istehsalı texnologiyasının hazırlanması işlərinə rəhbərlik etdiyinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 2 qızıl və 4 gümüş medalına layiq görülmüşdür.

Akademik Ə.M.Quliyevin xatirəsi əbədiləşdirilmiş, 1992-ci ildə 80 illik yubileyi ərəfəsində yaradıcısı olduğu Aşqarlar Kimyası İnstitutuna onun adı verilmişdir. Eyni zamanda 2014-cü ildən İnstitutda çalışan gənc alim və mütəxəssislər üçün adlı “Gənclər üçün akademik Əli Quliyev mükafatı” təsis edilmiş və hər il bir gənc mütəxəssisə diplom və pul mükafatı verilir.

01-02 iyun 2022-ci il tarixlərində Aşqarlar Kimyası İnstitutunda akademik Ə.M.Quliyevin 110 illik yubileyinə həsr olunmuş “Müxtəlif təyinatlı üzvi maddələr və kompozision materiallar” mövzusunda respublika elmi konfransı keçiriləcək.

 

V.M.Fərzəliyev
AMEA AKİ-nin baş direktoru, akademik

 

PAYLAŞ