Akademik: Dünya elminə tam inteqrasiya etməsək də, bu istiqamətdə bir çox nailiyyətlər əldə olunub

52

MÜSAHİBƏ

Azərbaycan elmi göstəricilərinə görə Cənubi Qafqazda liderdir

Bakı, 30 iyul, Sevda Cəfərova, AZƏRTAC

2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı texnika sahəsi üzrə “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə akademik Vaqif Fərzəliyevə, professorlar Həqiqət Cavadovaya və Əfsun Sucayevə verilib. Kompleks elmi-texniki işin rəhbəri, Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev Azərbaycan elminin bugünkü vəziyyəti, rəhbəri olduğu elmi müəssisədə gənc kadrların yetişdirilməsi, aparılan tədqiqatlarla bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb. Onunla müsahibəni təqdim edirik.

– Vaqif müəllim, öncə Sizi Dövlət Mükafatına layiq görülməyiniz münasibətlə təbrik edirik. Azərbaycanda elmin bugünkü vəziyyəti barədə fikirlərinizi bilmək istərdik. Necə bilirsiniz, bu gün Azərbaycan elmi dünya elmi ilə nə dərəcədə uzlaşa bilir?

– Təşəkkür edirəm. Əvvəla onu deyim ki, bizim Dövlət Mükafatına layiq görülməyimiz ölkəmizdə elmə və elm adamlarına olan diqqətin bariz nümunələrindən biridir. Biz qalib xalqın alimləri olaraq fəxr edirik ki, ali dövlət mükafatına layiq görülən kompleks elmi-texniki işimiz ölkəmizin iqtisadi inkişafına və onun müdafiə qüdrətinin artırılmasına xidmət edəcək.

Sualınızla bağlı isə onu deyə bilərəm ki, ümumiyyətlə, Azərbaycanın dünyaya səs salan elmi məktəbləri olub. Sovet dövründə Azərbaycan elmi böyük inkişaf yolu keçib. Aşqarlar Kimyası İnstitutu məhz o dövrdə yaradılıb, müvafiq sahədə SSRİ miqyasında ixtisaslaşmış üç elmi mərkəzdən biri olub.

Doğrudur, müstəqilliyin ilk illərində bəzi alimlərimiz xaricə getdilər. Lakin Azərbaycanda qalan alimlərimiz məvacibin az olmasına, elmi fəaliyyət üçün lazımi şəraitin olmamasına baxmayaraq fədakarlıq göstərdilər və akademik elmi qoruyub saxlaya bildilər. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, ardınca Prezident İlham Əliyevin bilavasitə dəstəyi ilə ölkədə elmi-tədqiqat sektorunun modernləşdirilməsi, alimlər üçün əlverişli mühitin yaradılması və innovasiyaların stimullaşdırılması istiqamətində böyük işlər görüldü. Azərbaycan alimlərinin əsas fəaliyyəti bir tərəfdən mövcud elmi məktəbləri yaşatmaq olubsa, digər tərəfdən müasir dövrün çağırışlarına uyğun olaraq yeni istiqamətlər üzrə müştərək beynəlxalq əməkdaşlıq çərçivəsində dünya elminə inteqrasiya etmək olub. Hələ ki dünya elminə tam inteqrasiya mümkün olmayıb. Bunun da obyektiv və subyektiv səbəbləri var. Lakin informasiya və kommunikasiya texnologiyaları, neft-qaz sənayesi, kimya, fizika, tibb və digər elm sahələrində dünya elminə inteqrasiya istiqamətində mühüm nailiyyətlər əldə olunmaqdadır.

Hazırda Azərbaycan elmi göstəricilərinə görə Cənubi Qafqazda liderdir. Bu, fərdi və ya qrup şəklində olsa da, Azərbaycan alimlərinin son zamanlar beynəlxalq resenziyalı jurnallarda tədqiqatlarının sayının artması, beynəlxalq elmi layihələrdə iştirak, nüfuzlu elmi mükafatlar alması ilə mümkün olub. Lakin daha da irəli getməliyik. İstedadlı gənclərin elmə cəlb edilməsi, beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi, xarici alimlərlə təcrübə mübadiləsi, ölkəmizdə elm-təhsil-innovativ üçbucağın tam formalaşması, elmi işlərin nəticələrinin kommersiyalaşdırılması, elmi tədqiqatlar əsasında yeni məhsul və xidmətlərin yaradılması, bu sahəyə investisiyaların cəlb edilməsi prioritet məsələlərdir.

– İnstitutunuz son illər bir sıra qrant layihələrin qalibi olub. Bu barədə bir qədər məlumat verərdiniz.

– Aşqarlar Kimyası İnstitutu həm beynəlxalq, həm də yerli qrant müsabiqələrində böyük fəallıq nümayiş etdirir. Son 15 ildə 50-yə yaxın qrant layihəsini müvəffəqiyyətlə yerinə yetirmişik. Bu il institutun alimləri AMEA-TUBİTAK-ın elan etdiyi beynəlxalq qrant layihəsini qazanıblar. Onlar “Mikroorqanizmlə yüklənmiş maqnit nüvəli nanohissəciklərdən istifadə edərək dəniz suyunda və torpaqda neft dağılmalarının nanotəkmilləşdirilmiş bioremediasiyası” adlı layihə çərçivəsində fundamental və tətbiqi xarakterli layihəni icra edirlər. Eyni zamanda, institutun əməkdaşları tərəfindən SOCAR Elm Fondunun 2023-cü ildə elan etdiyi Qrant müsabiqəsində iki layihə qazanılıb. Onlar da “Neft-qaz kompleksi məhsullarından istifadə etməklə yeni effektiv və ekoloji cəhətdən təhlükəsiz yağlayıcı-soyuducu mayelərin hazırlanması” və “Magistral neft kəmərləri və çən parklarının bioloji korroziyasının qarşısını almaq üçün modifikasiya olunmuş çoxdivarlı karbon nanoboruların istifadə edilməsi” adlı layihələrdir.

İnstitutda ölkəmizin iqtisadi inkişafına töhfə verən iki elmi-tədqiqat proqramı həyata keçirilir. Söhbət “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” və “Müasir tələblərə cavab verən plastik sürtkülərin yaradılması və istehsalının təşkili” adlı elmi-texniki proqramlar üzrə tədqiqat işlərinin aparılmasından gedir.

– İnstitutun gənc tədqiqatçılarının təcrübi biliklərinin artırılması üçün hansı işlər görülür?

-Aşqarlar Kimyası İnstitutu gənc tədqiqatçıların əməkdaşlıq etdiyimiz xarici ölkələrin aparıcı elmi mərkəzlərində təcrübə keçməsinə önəm verir. Məsələn, institutun elmi işçisi İbadulla Mahmudov kimyanın sintez və kataliz sahəsində Portuqaliyanın Lissabon Universitetində altı aylıq təcrübə keçib. O, təcrübə müddətində X-Ray, NMR, HR-MS, GC-MS kimi müasir fiziki-kimyəvi cihazların iş prinsiplərini tam mənimsəyib və həmin bilikləri öz tədqiqat işinə tətbiq etməklə mühüm nəticələr əldə edib, ötən ay dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.

Onu da deyim ki, ölkəmizdə bu metodları sinergetik şəkildə istifadə edərək struktur analizi apara biləcək mütəxəssislərin sayı azdır. Bu sahədə dünyanın aparıcı elm mərkəzlərində ixtisaslı mütəxəssis hazırlığı və qazanılmış bilik-bacarığın ölkəmizə gətirilməsi mühüm əhəmiyyətə malikdir.

Eyni zamanda, əməkdaşlıq çərçivəsində müştərək elmi rəhbərlik etdiyimiz Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının doktorantı Tahir Cavadzadə İtaliyanın La Sapienza Universitetinə 3 aylıq elmi-tədqiqat təcrübəsinə göndərildi. O, həmin universitetin professoru Luka Di Palmanın elmi rəhbərliyi ilə qida tullantılarından təbii sorbent əldə edib. Bu sorbent çirkab sulardan ağır metalları təmizləmək imkanına malikdir. Yüksək faizlə çirkab sudan misi təmizləyən təbii sorbentlərin Abşeron yarımadasının neftlə çirklənmiş sularının təmizlənilməsində tətbiqi imkanı da tədqiqat planına salınıb.

Bununla da işimizi bitmiş hesab etmirik. İstedadlı şagird və tələbələrin aşağı yaş qruplarından elmə cəlb olunması üçün məqsədyönlü tədbirlər həyata keçiririk. Bu ilin may ayında Kaliforniya şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Yarışmasında (ISEF) Xəzər Universitetinin Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medala layiq görülüblər. Onlar institutun icraçı direktoru professor Əfsun Sucayevin elmi rəhbərliyi ilə Fizioloji fəal üzvi birləşmələr laboratoriyasında “Altsheymer xəstəliyinə qarşı yeni nəsil enzim-izoenzim inhbitorların yaradılması” mövzusunda tədqiqat işləri aparıblar.

Bu ildən etibarən institutda istehsalat təcrübəsi keçən tələblərin elmə cəlb olunması təşviq edilir. Ayrı-ayrı laboratoriyalarda institutun aparıcı alimlərinin elmi rəhbərliyi ilə tələbələr konkret mövzular üzrə fundamental və təcrübi tədqiqatlar aparırlar.

– Beynəlxalq tədqiqat institutları ilə əməkdaşlığınız nə yerdədir?

Aşqarlar Kimyası İnstitutu ABŞ, İtaliya, Portuqaliya, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Türkiyə, Almaniya, Səudiyyə Ərəbistanı və digər ölkələrin elmi-tədqiqat müəssisələri, akademiyaları, universitetləri ilə əməkdaşlıq edir. Xarici ölkələrin aparıcı elmi mərkəzlərinin alimləri ilə beynəlxalq tədqiqat qrupları yaratmışıq. Onlarla müştərək tədqiqatların nəticəsi olaraq sintez etdiyimiz 300-ə yaxın fizioloji fəal maddələrin bədxassəli şiş, Altsheymer, qlaukoma, şəkərli diabet kimi xəstəlliklərə qarşı yeni nəsil en¬zim-izoenzim inhibitorlarını yaratmışıq. Bu mənada, biz yeni bir elmi istiqamət kimi bioüzvi kimyanı xaricdən ölkəmizə gətirmişik desək, yanılmarıq. Bu yeniliklərin nəticəsi olaraq son 10 ildə dünyanın nüfuzlu qlobal elmi bazalarında 70-ə yaxın məqalə dərc edilib, onlara dünya alimləri tərəfindən 2 minə yaxın istinad edilib.

– Ümumiyyətlə, müstəqillik dövründə institutunuz hansı elmi nailiyyətlərə imza atıb?

– Aşqarlar Kimyası İnstitutunun müstəqillik illərində ən uğurlu tətbiqi işlərindən biri yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator-AKİ” yaradılması ilə bağlıdır. Bu aşqar istehsal olunaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təqdim olunur. “Depressator-AKİ” aşqarı institut tərəfindən vaxtaşırı müəllif nəzarətindən keçirilir.

Həmçinin alimlərimiz respublikada müxtəlif növ daxiliyanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyasını işləyib-hazırlayıblar və bu texnologiya əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılıb.

İnstitutumuz motor yağının yeni analoqunu yaradıb, istehsalını təcrübə-sənaye zavodunda təşkil edib və tonlarla məhsul müvafiq dövlət qurumlarına verilib. Həmin yağ I Qarabağ və 44 günlük Vətən müharibəsində də istifadə olunub.

Azərbaycanda xüsusi təyinatlı sürtkü yağlarının stend sınaqlarını gerçəkləşdirmək üçün zəruri mühərriklər olmadığından, bu proses xarici ölkədə müvafiq strateji müəssisədə reallaşdırılıb və son nəsil xüsusi təyinatlı dizel mühərriklərində istifadəsi təklif edilib. Yaradılan xüsusi təyinatlı motor yağı Azərbaycanda sınaqdan keçirilib və xüsusi təyinatlı texnikanın mühərriklərində istifadəsi tövsiyə edilən bu yağın Pakistan, Malayziya, Banqladeş və digər ölkələrə ixracı nəzərdə tutulur. Bu kompleks elmi-texniki işimiz Dövlət Mükafatına layiq görüldü. Nəzərə alaq ki, strateji material olan xüsusi təyinatlı sürtkü yağlarının yaradılması ölkəmizin müdafiə qüdrətini artırır və müdafiə sənayesinin inkişafına kömək edir.

Digər mühüm elmi nailiyyətimiz turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran aşqar yaradılması ilə əlaqədar olub. Bakı Neft Emalı Zavodunun uzun illər ərzində fəaliyyəti nəticəsində əmələ gəlmiş min tonlarla turş qudron Abşeronun Balaxanı qəsəbəsi ərazisinə tullanaraq həddindən artıq ekoloji gərginlik yaradıb. Turş qudronun emalı prosesini həyata keçirərək və emal məhsulunu istifadə edərək həm mühüm texniki, həm də mühüm ekoloji problem həll olunur. Turş qudronun emal məhsulu artıq tətbiq edilir.

Paralel olaraq Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində istifadə edilən və xaricdən gətirilən motor yağının yeni analoqu institut tərəfindən yaradılıb və istehsalı təşkil edilib.

Respublikanın müasir tələblərə cavab verən müxtəlif növ sürtkü yağlarına olan tələbatını ödəmək məqsədilə motor, transmissiya və hidravlika sistemləri üçün bir sıra müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) sürtkü kompozisiyaları yaradılıb.

“Bakı Yastıq zavodu” ASC-də diyircəkli yastıqların korroziyadan mühafizəsi üçün geniş istifadə olunmuş “AzK-18 konservasiya yağı” Aşqarlar Kimyası İnstitutunda yaradılıb.

Maşınqayırma zavodlarında metal məmulatların almaz alətlərlə kəsilməsi, habelə cilalanmasında tətbiqini tapan beş yağlayıcı-soyuducu maye işlənilib-hazırlanıb. Yağlayıcı-soyuducu mayeləri və neft məhsullarını bioloji zədələnmədən qoruyan antimikrob aşqarların sənaye istehsalı təşkil edilib. Neft-mədən avadanlıqlarını korroziyadan və mühərrikin soyuducu sistemlərini kavitasiya nəticəsində dağılmadan qorumaq üçün korroziya inhibitorları yaradılıb və sair. Bütün bunlar institutun təkcə müstəqillik dövründə imza atdığı elmi-texniki uğurlardır.

PAYLAŞ