Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev 14 aprel 2022-ci il tarixində keçirilən Gürcüstan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında bu qurumun həqiqi (xarici) üzvü seçilib. Bu barədə Gürcüstan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin akademik-katibi akademik Vladimir Sisiaşvili məlumat verib.
Qeyd edilir ki, V.Fərzəliyevin iki ölkənin elmi əlaqələrinin inkişafına böyük xidmətləri nəzərə alınaraq bu qərar verilib.
Məlumat üçün qeyd edək ki, akademik V.Fərzəliyev indiyə qədər rəhbərlik etdiyi Aşqarlar Kimyası İnstitutunun Gürcüstan Milli Elmlər Akademiyasının Fiziki və Üzvi Kimya İnstitutu və Gürcüstan Texniki Universiteti ilə beynəlxalq əlaqələrin qurulması istiqamətində fəaliyyət göstərmiş, o cümlədən bu ölkədə təşkil olunan elmi konfrans, simpoziumlarda plenar məruzələrlə çıxış etmiş, Gürcüstandan olan müvafiq elmi dərəcə iddiaçıların Aşqarlar Kimyası İnstitutunun nəzdində fəaliyyət göstərmiş Dissertasiya Şurasında müdafiələrini təşkil etmiş, Gürcüstanda fəaliyyət göstərən Dissertasiya Şuralarında onlara oponentlik etmiş, onların dissertasiya işlərinə və avtoreferatlarına rəy vermişdir.