Alimlər insan təri ilə işləyən çoxfunksiyalı elektron dəri hazırlayıblar

1494

Daşınan elektronika müasir sənayedə ən sürətlə inkişaf edən istiqamətlərdən biri hesab edilir. Şirkətlərin məqsədi insanın vəziyyətini nəzarətdə saxlayan, rahat daşınıla bilən bir cihaz hazırlamaqdır. Amerikalı alimlər insan təri ilə enerji toplayan çoxlu sayda sensorlardan ibarət elektron dəri hazırlamaqla bu istiqamətdə xeyli irəliləyiş əldə ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Kaliforniya Universitetinin tədqiqatçıları bildiriblər ki, birbaşa insanın bədəninə tətbiq edilən süni dəri elastik rezin materialdan ibarətdir. Bu, ona çoxlu sensor quraşdırmağa imkan verir: ürək döyüntülərinin tezliyi, bədənin hərarəti, qanda şəkərin səviyyəsi, həmçinin sağlamlıq vəziyyəti haqqında məlumat verə bilən maddələr mübadiləsinin əlavə məhsulları üçün sensorlar.

Belə süni dəri yalnız enerji cəhətdən səmərəli deyil, həm də öz işi üçün insan tərindən istifadə edərək kənar enerji mənbəyi tələb etmir. Əslində bunun üçün əlavə məhsul – metabolik proseslərin gedişatı vaxtı yaranan laktat lazımdır. Tədqiqatçıların sözlərinə görə, bioyanacaq elementləri datçiklərin enerji ilə təmini və “Bluetooth” modulu ilə məlumat ötürülməsi üçün kifayət qədər elektrik enerjisi istehsal edə bilər.

Emil Hüseynov

PAYLAŞ