Alimlərimizin dünya elmmetriyasına çıxış imkanları yaxşılaşdırılır

101

Məlum olduğu kimi, iyulun 13-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə dünyanın aparıcı şirkətlərindən biri olan “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığa dair onlayn imzalanma mərasimi həyata keçirilib. Müqaviləyə əsasən, ilk dəfə olaraq Azərbaycanın yerli ali təhsil müəssisələri, eləcə də elmi tədqiqat institutları üçün  “Web of Science” elmmetrik bazasına çıxış imkanı yaradılacaq.

Alimlərimiz  “Azərbaycan müəllimi” qəzetinə açıqlamalarında  nüfuzlu elmmetrik şirkətlə bağlanmış anlaşmanı yüksək qiymətləndiriblər. Onların fikirlərini oxucularımızla paylaşırıq.

“Bu, elm ictimaiyyətinə böyük töhfədir”

Elçin Süleymanov, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru

– Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Clarivate Analytics”  analitik şirkəti arasındakı müqavilə 2015-ci ildə Təhsil Nazirliyi ilə imzalanan müqavilənin daha inkişaf etmiş, daha istifadəli bir halıdır və bunda da təbii ki, Elm və Təhsil Nazirliyinin böyük dəstəyi var. Onu qeyd edim ki, dünya elminin demək olar 80 faizi “Clarivate Analytics”  və Scopus  bazasının indekslədiyi elmi tədqiqatlar, jurnallar və konfrans materiallarını əhatə edir və bu, dünyada çıxan nəşrlərin 20-25 faizdir.  Yəni, nəşr sayı az, amma elmi çəkisi çox olan etibarlı, mötəbər, elm ictimaiyyəti tərəfindən birmənalı olaraq keyfiyyətli qəbul olunan tədqiqatlar bu bazalardadır. Bu bazalarda, eyni zamanda ölkə üzrə, qurum üzrə elm adamlarının məhsuldarlığı ölçülür, analiz edilir. Və günümüzün akademik cameəsində  kifayət qədər mötəbər sayılır.
Onu qeyd edim ki, 2000-ci illərə qədər ölkə üzrə bu bazalara çıxan nəşr sayımız çox az idi, hətta qonşu ölkələrdən də az idi. 2015-ci ildə müqavilədən sonra biz Cənubi Qafqazda artıq liderliyi ələ aldıq və hər il bu bazalardakı nəşr sayı artır. Ümid edirəm ki, növbəti müqavilə elmi məhsuldarlığı bir qədər də artıracaq. Universitetlər arasında rəqabət mühitinə kifayət qədər müsbət təsir göstərəcək. Buna paralel olaraq ölkənin daha başqa  (Nina Ranking)  bir  qurum tərəfindən həm elmi tədqiqat institutları, həm ali təhsil müəssisələrinin üç bazaya – Scopus, “Vef of Sciense” və Google Chocalare-a görə  məhsuldarlığı ölçülür. Bu, 20 minə yaxın elm adamını, eyni zamanda “Clarivate Analytics”  şirkətinin hal-hazırda səs verəcəyi ali təhsil müəssisələri və elmi tədqiqat institutlarını əhatə edir.

Bu reytinq açıqlandıqdan sonra kifayət qədər elm adamları arasında da rəqabətli bir mühit formalaşmağa başladı. Artıq hər kəs məhsuldarlığını, H-indeksini, onun dinamikasını izləyir. Eyni zamanda elmi ad və dərəcə verilərkən Ali Attestasiya Komissiyasında qanunvericiliklə bağlı müəyyən dəyişikliklər də bu istiqamətdədir. Yəni, bunu bir kompleks olaraq düşünmək lazımdır. Keyfiyyətli nəşr, həm universitetin reytinqinə müsbət təsiri, elm adamlarımızın tanındığı beynəlxalq qrantlardan istifadəyə deyərdim ki, müəyyən şərait yaratması – hamısını bir kompleks kimi düşünmək lazımdır.

Biz tədqiqatlarımızı mütləq geniş ictimaiyyətə çıxarmalıyıq. Dünyanın tələb etdiyi tədqiqatları aparmalıyıq. Azərbaycanlı elm adamlarının buna qabiliyyəti də, elmi potensialı da çatır. Sadəcə, yaxşı jurnallarda yaxşı tədqiqatların nəşri üçün əvvəlcə bu bazalara çıxış, bu bazalardan istifadə imkanı olmalıdır. Yəni, əgər bir elm adamı bu bazalardakı ən mötəbər jurnallardan istifadə etməyərək bir məqalə yazırsa, bunu ciddi jurnallarda çap etdirə bilmir. Çünki rəyçilər, ilk növbədə  bu sahənin mötəbər jurnallarındakı nəşr olunmuş məqalələrdən istinad varmı-yoxmu, onu yoxlayır. Əvvəlki müqaviləyə 20 ali təhsil müəssisəsi qoşulmuşdu. İndi isə mülkiyyət formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələri və tədqiqat institutlarının qoşulması daha geniş auditoriyanın bu bazalardan və elmmetriyasından istifadə imkanı formalaşdıracaq.  Bu, elm ictimaiyyətinə böyük töhfədir və bu işdə zəhməti olan, başda elm və təhsil nazirinə, eyni zamanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbərliyinə bu bazalardan, elm metrikasından hər zaman istifadə edən bir alim  kimi təşəkkür edirəm. Düşünürəm ki, bu, faydalı olacaq və bunun nəticəsini biz yaxın illərdə görəcəyik. Çünki birinci müqavilənin nəticəsini çox gözləmədik. Yəni bir- iki il sonra elmi məhsuldarlıq artdı. Bəzi universitetlər diferensial əməkhaqqı sistemi tətbiq etdi, bu nəşrlərə təşviq verdi. Bəzi universitetlər nəşr olunan hər məqaləyə görə mükafat verdi. Yəni, universitetlərin də bu bazalardakı nəşrə dəstək mexanizminin formalaşdırılması, düşünürəm ki, daha da effektiv bir ekosistem qurmağa kömək edəcək.

Azərbaycan elminin dünya elminə inteqrasiyasında çox mühüm addım

Əfsun Sucayev, Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru,  Kimya elmləri doktoru

– Elm və Təhsil Nazirliyinin imzaladığı bu müqaviləni Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində atılan çox mühüm addım kimi dəyərləndirmək mümkündür. Bilirsiniz ki, ölkəmizin də uzun illər tərkibində olduğu keçmiş Sovetlər Birliyində digər sahələr kimi elmdə də “qapalı rejim” olduğu üçün “Web of Science” və “Scopus” kimi dünyanın aparıcı elmi bazaları və bu bazalarda arxivləşən nüfuzlu elmi jurnallara çıxış imkanı olmayıb. O zaman alimlərimiz elmi əsərini ən yaxşı halda İttifaq jurnallarında dərc etdirməklə… elə hesab edirdilər ki, əgər jurnal, məsələn, Rusiyanın “Журнал органической химии – ЖорХ”-da nəşr olunursa, deməli, onun məqaləsi ən nüfuzlu jurnalda işıq üzü görür. Halbuki, o jurnalların bəziləri istisna olmaqla, əksəriyyəti indinin özündə yuxarıda adlarını qeyd etdiyimiz akademik bazalara daxil ola bilməmişdir. Ona görə də sovet dövründə nəşr olunan məqalələrə indinin özündə belə dünya alimləri tərəfindən istinad edilmir. Bunun məntiqi nəticəsi idi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra belə, uzun illər elmi nəşr fəaliyyətinə görə nəinki Müstəqil Dövlətlər Birliyi, hətta Cənubi Qafqaz respublikaları arasında ən sonuncu yerdə idi. Yalnız 2015-ci ildə Təhsil Nazirliyi və 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “Clarivate Analytics” (“Thomson Reuters” şirkəti) arasında əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra elmi-tədqiqat və ali təhsil müəssisələrimizin dünyanın aparıcı elmmetrik bazası olan “Web of Science”ə çıxışı mümkün oldu. Bu da azərbaycanlı alim və tədqiqatçıların elmi məhsuldarlığını nəzərəçarpacaq dərəcədə yüksəltməklə, elmi-tədqiqat işlərinin kəmiyyət və keyfiyyət göstəricilərini xeyli yaxşılaşdırdı, qısa müddətdə Azərbaycan nəşr aktivliyinə görə, həm Gürcüstan, həm də Ermənistanı geridə qoydu; bir çox alimlərimiz artıq həm nüfuzlu jurnalda məqalə sayına, həm də həmin əsərlərinə olan istinad sayına görə dünya alimlərinin reytinq siyahısına daxil oldular.

Ancaq son vaxtlar AMEA ilə “Clarivate Analytics” şirkəti arasında müqavilə bitdiyi üçün elmi-tədqiqat institutlarımızın və akademik elmimizin təmsilçilərinin bu bazaya çıxışı yenə də qeyri-mümkün olmuşdu, yenə fəaliyyətimizdə ciddi çətinliklər yaratmışdı. Lakin bu günlərdə, əvvəlcə ilk dəfə olaraq Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələri, eləcə də bütün elmi-tədqiqat institutları üçün dünyanın ən böyük elmmetrik bazası olan “Scopus”a çıxış imkanını təmin edəcək “Elsevier”, ardınca  “Web of Science” elmmetrik bazasına çıxış imkanı yaradacaq “Clarivate Analytics” şirkətləri ilə əldə olunan razılaşmalar artıq problemlərin həllinə və nəşr fəaliyyətinə görə Azərbaycanın yalnız Cənubi Qafqaz deyil, dünyanın aparıcı ölkələrinin reytinq siyahısında ön yerlərə çıxmasına kömək edə biləcək.

Sirr deyildir ki, dünya üzrə elmi tədqiqatların ən əhəmiyyətli hissəsini demək olar, “Web of Science” və “Scopus” bazasında indekslənən nəşrlər təşkil edir. Təxminən ötən əsrin 60-70-ci illərindən başlayaraq dünya elmində elmi-tədqiqatların istinadları elmmetrik olaraq hesablanır və bu göstəricilər hər bir ölkənin elminin inkişaf göstəricisi sayılır. Təsəvvür edin, impakt faktor göstəricisinə görə dünya üçüncüsü olan “Natura” jurnalında (IF=64.8) elmi nəşrlərə istinadın hesablanması sistemi üzrə hər ilin sonunda yekun illik hesabat açıqlanır. Son hesabatda qeyd edilirdi ki, dünyada indiyə qədər 120 milyona yaxın elmi-tədqiqat işi nəşr olunsa da, onlardan yarısı istinad alır və qalan yarısı da adi jurnallarda heç bir təsir əmsalına sahib olmur, hətta bir qismi də elə-belə  jurnallarda dərc olunur. Ciddi qəbul edilərək ən az 10 istinad alan tədqiqat işləri isə dünyadakı ümumi nəşrlərin, sadəcə 1-2 faizini təşkil etməkdədir. Bu nəşrlərin böyük əksəriyyəti “Web of Science” və “Scopus” bazasında indekslənən jurnallardır. Deməli, təkcə bu fakt hər iki bazanın nə qədər qlobal əhəmiyyət kəsb etdiyini söyləməyə əsas verir. Bu nöqteyi-nəzərdən Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirmək məqsədi daşıyan yeni müqavilələr həqiqi elmi fəaliyyətlə məşğul olan alimlərimizin və elm mütəxəssislərinin “Web of Science” və “Scopus” kimi nüfuzlu bazalara daxil olan xarici jurnallarda çıxış imkanlarını əsaslı şəkildə artıracaq. Bir qədər də konkretləşdirsək, nüfuzlu beynəlxalq bazalarla əməkdaşlığın gətirəcəyi üstünlükləri aşağıdakı kimi ümumiləşdirmək olar:

-Birincisi, bu, ölkəmizin müxtəlif beynəlxalq reytinqlər üzrə elm və innovasiya sahəsində göstəricilərinin daha da yaxşılaşmasına təsir göstərəcək. Hamıya məlumdur ki, dünyada hər bir alimin elmi fəaliyyəti məhz, elmmetrik meyarlar əsasında qiymətləndirilir. Bu meyarlar içərisində əsas parametrlər də nüfuzlu jurnallarda məqalə çapı, onlara olan ümumi istinad və H-indeks hesab olunur. Təəssüf ki, ölkəmizdə bu elmmetrik göstəriciləri qəbul etməsi bir yana, onun mahiyyətini belə başa düşməyən kifayət qədər alim və tədqiqatçılara rast gəlinir. Onlar nəinki “Web of Science” və “Scopus”-da, hətta “Google Scholar”, “ResearchGate”, “Mendeley.com” və sair kimi akademik profil səhifələrin yaradılmasına belə maraq göstərmirlər. Həmin insanlarla eyni düşüncəni paylaşanlar da Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə və ya elmlər doktoru dissertasiya işlərinin müdafiəsi üçün “Web of Science”, “Scopus” hətta “РИНЦ” elmi bazalarına daxil olan jurnallarda çap olunan 1-2 məqalə tələbini gənclərin elmə gəlməsinin qarşısını alan əsas maneə hesab edirlər. Halbuki inkişaf etmiş və ya etməkdə olan istənilən ölkədə nəinki PhD, hətta magistr təhsili alan gənc mütəxəssisin 10-dan çox nüfuzlu jurnalda dərc olunmuş məqaləsi, o məqalələrə onlarla istinadları olur.

Bir şey var ki, xarici nüfuzlu jurnalda çap olunmaq, təkcə müəllifin alimliyinin təsdiqi deyil, həm də onun çalışdığı elmi müəssisənin, Akademiyanın və ən əsası da ölkəsinin elminin tanınması, elmi əsərinə istinad isə həm də dünyanın onun təmsil etdiyi ölkəyə istinad göstərməsidir.

Deməli, yeni müqavilələr elmi-tədqiqat müəssisəsləri və tədqiqatçıların bu iki bazada profillərinin təkmilləşdirilməsinə, onların elmi fəaliyyətinə əlçatanlığın artmasına, dünyadakı digər elmi qurum və alimlərlə əməkdaşlığının genişləndirilməsinə imkan verəcək. Hazırda mən deyərdim ki, Azərbaycan elminin dünya elminə inteqrasiya prosesində müşahidə olunan ciddi problemlərdən biri əksər araşdırma mövzularında aktuallıq və müasirliyin az nəzərə alınması, işlənmiş mövzular üzrə araşdırmaların aparılması, ayrı-ayrı tədqiqat müəssisələrinin bir-birini təkrarlayan tədqiqatla məşğul olmasıdır. Bu gün elmi tədqiqat aparılan mövzularımızı beynəlxalq axtarış sistemlərində dəyərləndirərkən, üzə çıxan acınacaqlı mənzərəyə görə çox vaxt ya mövzu aktual deyil, dünya alimlərini maraqlandırmır və ya işlənmiş mövzudur, dünya elm mərkəzləri artıq o mövzu ilə bağlı araşdırmanı bir neçə il əvvəl aparıb, mühüm nəticələr də ortaya qoyubdur. Odur ki, belə mövzularda əldə olunan nəticələri nüfuzlu xarici jurnallarda dərc etdirmək mümkün olmur, yaxud dərc olunan məqalələrə də istinad edilmir. Həm də müdafiə olunan dissertasiya işlərində plagiat faktları həndəsi silsilə üzrə artmaqdadır. Bir halda Ali Attestasiya Komissiyasının son bir ildə müvafiq elmi dərəcə verməkdən imtina etdiyi dissertasiya işlərinin sayı 450-yə yaxın olub, onlardan da böyük bir qismi plagiat faktlarına görədir, onda məsələnin ciddiliyinin fərqinə varmaq lazımdır.

Artıq beynəlxalq bazalara daxil olan tədqiqatçımız görəcək ki, dünyanın aparıcı elmi mərkəzlərində bütün elmi istiqamətlər üzrə multidissiplinar tədqiqatlar aparılır. Çünki son illər elmdə əldə olunan ən mühüm elmi yeniliklər – kəşf və ixtiralar məhz fənlərarası elmlərin qovşağında əldə edilir. Təkcə, təbiət elmləri üzrə son 10 ildə Nobel mükafatına layiq görülən elmi işlərə nəzər yetirsək görərik ki, onların əksəriyyəti bir neçə elm sahəsinin birgə probleminin həllini özündə ehtiva edir. Onu da nəzərə almaq lazımdır ki, elmdə müəyyən fundamental və tətbiqi məsələlər vardır, onların həll olunmasında bir elmi istiqamət üzrə yanaşma özünü dogrultmur və uzun illər qənaətbəxş nəticələr də əldə olunmur. Belə məsələlərə mütləq kompleks elmi yanaşma zərurəti ortaya çıxır, ona görə də yuxarıda qeyd etdiyimiz kimi son illərin ən uğurlu elmi nəticələri məhz multidissiplinar yanaşma ilə elmlərin qovuşduğu tədqiqatlarda öz əksini tapır. Bu baxımdan tədqiqat institutlarımız və alimlərimiz təkrar-təkrar işlənmiş işlərdən uzaqlaşacaq, aktuallıq və müasirlik kəsb edən mövzularda tədqiqatlar aparılan mərkəzlərlə əməkdaşlıq əlaqələri quraraq, beynəlxalq səviyyəli müştərək tədqiqatları ilə dünya elminə daha çox töhfə verə biləcək. Buna isə əlbəttə, ölkə üzrə hardasa 15-20 min alim və tədqiqatçı, o cümlədən 100 minlərlə tələbə, məhz, “Web of Science” və “Scopus” bazalarının müxtəlif alətlərindən istifadə etməklə, müasir elmi resurslardan yararlanmaqla nail olacaq.

Oruc MUSTAFAYEV

 

 

PAYLAŞ