AMEA Aşqarlar Kimyası İnstitutu Azərbaycan Tibb Universiteti ilə müştərək beynəlxalq tədqiqatlar aparacaq

88

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında əməkdaşlıq müqaviləsi bağlaınb. AMEA AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev və ATU-nun rektoru professor Gəray Gəraybəyli tərəfindən imzalanmış sənəddə tərəflər arasında akademik mübadilələr və birgə elmi-tədqiqat işlərinin aparılması, elmi konfransların qarşılıqlı təşkili, bir sözlə elmlə təhsilin vəhdətinin yaradılması əsas məqsəd olaraq müəyyənləşdirilib.

Qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün 24 iyun 2021-ci il tarixində AMEA Aşqarlar Kimyası İnstitutunda tədbir keçirilmişdir. Giriş nitqi ilə çıxış edən İnstitutun direktoru akademik Vaqif Fərzəliyev bildirmişdir ki, AKİ-nin əsas fəaliyyət istiqamətini sürtkü materiallarının istismar xassələrini yaxşılaşdıran aşqar və sürtkü kompozisiyalarının yaradılması olsa da, digər bir istiqamət patoloji proseslərə qarşı fizioloji fəal maddələrin sintezi və funksional xassələrinin tədqiqi ilə bağlıdır: “Bu tədqiqatları sovet dövründə də aparmışıq, hətta tibb sahəsində tətbiq olunan mühüm nəticələrimiz olub. Son illərdə isə dünyanın bir sıra ölkələrinin aparıcı elm mərkəzləri ilə bu istiqamətdə müştərək beynəlxalq tədqiqatlar aparırıq və əldə edilən mühüm nəticələr impakt faktorlu, nüfuzlu xarici jurnallarda dərc olunur və onlara çoxlu sayda istinadlar edilir”.

V.Fərzəliyev bildirdi ki, ölkə daxilində də elm və təhsil müəssisələrinin əməkdaşlıq etməsi məqsədəuyğundur: “Nəzərə alsaq ki, ən mühüm elmi nailiyyətlər ayrı-ayrı elmlərin sərhədlərində yaranır, kimya, tibb və biologiya elmlərini təmsil edən qurumların əməkdaşlığı olduqca vacibdir”.

ATU-nun Ümumi və toksikoloji kimya kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Eldar Qarayev rəhbərlik etdiyi kafedrada həyata keçirilən elmi tədqiqatlar haqqında məlumat verərk bildirdi ki, AMEA AKİ-də sintez olunan fizioloji fəal maddələrin ATU-nun müvafiq laboratoriyalarında analiz edilməsi, ATU-nun Ümumi və toksikoloji kimya kafedrasında alınan bitki mənşəli maddələrin kimyəvi molifikasiyası istiqamətində beynəlxalq səviyyəli elmi işlərin yerinə yetirilməsi, bunula da əldə ediləcək mühüm elmi nəticələrin müxtəlif konfrans və elmi simpoziumlarda məruzə edilməsi, eyni zamanda nüfuzlu xarici jurnallarda dərc olunması hər iki müəssisəyə böyük töhfələr vermiş olacaq.

O vurğuladı ki, bu müqavilə tərəflərin mövcud elmi və elmi-texniki materialların öyrənilməsi və tətbiq edilməsi məqsədilə məlumatların ötürülməsinə və qarşılıqlı təcrübə mübadilələrinin aparılması üçün əlavə imkanlar açacaq.

Sözügedən kafedranın professoru, kimya elmləri doktoru Fikrət Quliyev birgə əməkdaşlıq çərçivəsində tibb, əczaçılıq  və kimyanın müxtəlif sahələri  üzrə ixtisaslaşmış tələbə və magistrlərin fərdi və ya qrup halında qarşılıqlı təcrübə keçmələrini, magistrlara və doktorantlara  birgə elmi rəhbərlik həm İnstitut, həm də Universitetin yüksək ixtisaslı kadr təminatına da fayda verəcək.

Sonda tərəflər sentyabr-oktyabr aylarında mövcud imkanlar və gələcək perspektiv imkanlarıın müzakirəsini nəzərdə tutan birgə elmi seminarların keçirilməsini razılaşdırdılar.

PAYLAŞ