Azərbaycan Milli Elmlər Akademiyası ilə Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsinin elan etdikləri müştərək layihə müsabiqələrinin nəticələri məlum olub.Qalib elan olunan layihələrdən biri akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin Belarus Milli Elmlər Akademiyası Bioloji aktiv birləşmələrin biokimyası İnstitutunun laboratoriya rəhbəri, biologiya elmlər doktoru, dosent Liliya Nadolnik İvanovna ilə birlikdə rəhbərlik etdikləri “Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması” adlı 2018-2020-ci illər üçün nəzərdə tutulmuş layihədir.
Layihənin Azərbaycan tərəfindən rəhbəri olan, akademik V.Fərzəliyev sözügedən layihə haqqında məlumat verərək bildirdi ki, Son illər heterotsiklik birləşmələr kimyası sahəsində xüsusi diqqətə malik tədqiqatlar aparılır: “Görünür, bu onunla əlaqədardır ki, hal-hazırda bu birləşmələr tibbin, texnikanın, sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrində özlərinə daha geniş tətbiq sahələri tapması və tapmaqda davam etməsidir. Dünya ədəbiyyat məlumatlarında da bu sahədə aparılan çoxlu sayda elmi-tədqiat işlərinə rast gəlmək mümkündür. Ancaq bu ədəbiyyat məlumatları içərisində müxtəlif katalizatorlar iştirakında funksionaləvəzli triazintionlardan ibarət bioloji fəal maddələrin sintezi, çevrilmələri, onların fərqli və müqayisəli metodlarla bioloji fəallığının ətraflı tədqiqinə ümumiyyətlə rast gəlinmir. Bu zərurətdən çıxış edərək tibbdə tətbiq olunması mümkün olan tərkibində azot və kükürd atomları saxlayan yeni bioloji fəal maddələrin sintezi və funksional xassələrinin tədqiqi, onlar əsasında yeni, daha təsirli bioloji fəal əlavələr və dərman preparatların yaradılması əsas elmi ideya olaraq seçilmişdir”.
Akademik vurğuladı ki, təqdim edilən müştərək layihə çərçivəsində 2018-2019-cu illər ərzində partnyor seçdiyimiz beynəlxalq təşkilatla yeni bioloji fəal birləşmələrinin sintezi, onların tərkib və quruluşlarının bioloji fəallığa təsirinin öyrənilməsi, onlar əsasında bioloji fəal əlavələrin və dərman preparatlarının yaradılması sahəsində sistemli tədqiqatlar aparılacaq.