AMEA Aşqarlar Kimyası İnstitutu YAP Ərazi partiya təşkilatının hesabat konfransı keçirilib

840

17 noyabr 2021-ci il tarixində  Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının  akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutun Ərazi partiya təşkilatının hesabat konfransı keçirilmişdir. İclasda İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev, YAP-nın Yasamal rayon təşkilatinin sədri Bəxtiyar Nəbiyev, YAP Aşqarlar Kimyası İnstitutun Ərazi partiya təşkilatının sədri Vəli Kazımov, YAP üzvləri və fəalları iştirak etmişlər.

İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident cənab İlham Əliyev tərəfindən inkişaf etdirilən YAP-nın yaranmasından indiyə qədər keçdiyi yol, əldə olunan böyük nailiyyətlər haqqında məlumat verərək, həqiqətən dünənin, bu günün və sabahın partiyası olduğunu sübut etdiyini bildirib. O, təmsil olunduğu partiyanın daim yeniləşən partiya kimi Azərbaycanın min bir əziyyətlə qazanılan müstəqilliyinin qorunub saxlanılması, ərazi bütövlüyünün bərpa olunmasının əsas hədəf olduğunu və buna tam nail olunduğunu diqqətə çatdırıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP ötən dövrdə ümumxalq birliyinin formalaşmasında bir siyasi qüvvə rolunu oynayıb. O qeyd etdi ki, 21 noyabrda hakim partiyanın yaranmasının 29-cu ildönümü tamam olacaq: “Bu dəfəki ildönümünü qalib ölkənin hakim partiyası kimi qeyd edəcəyik və bunun xüsusi əhəmiyyəti vardır”.

Təşkilat sədrinin sözlərinə görə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 il işğal altında olan torpaqları azad etdikdən sonra yeni reallıqlar yaranıb və YAP da bu reallıqlardan çıxış edərək, yeni strateji hədəflər müəyyənləşdirərək, həyata keçirir.

B.Nəbiyev yeni mərhələdə partiya üzvlərinin daha fəal olmasını ölkəmizin parlaq gələcəyi naminə daha çox işlər görməyin zəruriliyini bildirdi.

Sonra AKİ-nin Ərazi partiya təşkilatının sədri k.ü.f.d., dosent Vəli Kazımov rəhbərlik etdiyi təşkilatın ötən dövr ərzində yerinə yetirdiyi ictimai fəaliyyət haqqında hesabat məruzəsi ilə çıxış etdi.

Hesabat  dinlənildikdən sonra məruzə ətrafında çıxışlar və fikir mübadiləsi oldu. Müzakirələrdən sonra hesabatın yekdilliklə qəbul olunması barədə qərar qəbul edildi.

Daha sonra AKİ-nin Ərazi partiya təşkilatına sədr və müavin vəzifələrinə səsvermə keçirildi. Səsvermənin nəticələrinə görə Vəli Kazımov yenidən təşkilatın sədri, Səbiyə Osmanova isə sədri müavini vəzifələrinə seçildilər.

PAYLAŞ