Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının 2021-ci il üzrə ilk iclası keçirilib. AMEA Rəyasət Heyəti tərəfindən qəbul olunan 2021-2025-ci illərdə aparılacaq elmi tədqiqat işlərinin planlarının müzakirəsinə həsr olunan toplantıda çıxış edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, yeni təsdiq edilən sənədin əsas mahiyyəti AMEA-nın bütün digər elmi-tədqiqat müəssisələrində aparılacaq elmi araşdırmaların dünya elminin müasir və aktuallıq kəsb edən prioritet istiqamətlərinə, eyni zamanda ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına uyğun olmalıdır. Onun üçün yeni tələblər əsasında hər bir elmi müəssisə üzrə elmi tədqiqat işlərinin uzunmüddətli mövzu planının tərtib edilməsi zərurəti yaranıb.
V.Fərzəliyev bildirdi ki, bu nöqteyi-nəzərdən fundamental-nəzəri və tətbiqi sahədə ixtisaslaşmış bir elmi müəssisə kimi Aşqarlar Kimyası İnstitutu əsasən yanacaq-energetika kompleksinin inkişafı sahəsində elmi tədqiqatlar və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına yönəldilmiş tədqiqatlara önəm verməlidir. Bundan əlavə, əhalinin sağlamlığı ilə bağlı tibbi araşdırmalar diqqət mərkəzində saxlanıla bilər: “Məlum olduğu kimi İnstitutda həm beynəlxalq səviyyədə dünyanın bir çox aparıcı elm mərkəzləri, istərsə də AMEA-nın biologiya və tibb elmləri bölməsinin bir çox institutları ilə fizioloji fəal maddələrin yaradılması və tədqiqi ististiqamətində müfəssəl tədqiqatlar aparılır və əldə etdiyimiz mühüm elmi nəticələr Web of Science, Scopus və digər elmi bazalara daxil olan nüfuzlu xarici jurnallarda çap olunur. Bundan sonra bu istiqamətdə tədqiqatları daha da genişləndirmək lazımdır”.
Akademikin sözlərinə görə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunması Akademiya alimləri o cümlədən kimyaçıların tədqiqatlarında bu sahədə uyğun mövzu üzrə araşdırmalara yer verməsini vacib edib: “Biz bu istiqamətdə AMEA Rəyasət Heyətinə mövzu təklif etmişik. Ona görə növbəti 5 il ərzində bu sahədə digər bölmə institutları ilə elmi araşdırmaların aparılması mümkün olacaq”.
V.Fərzəliyev yuxarıda qeyd olunanları nəzərə alaraq, laboratoriya rəhbərlərinə 2021-2025-ci illər üçün mövzu və mərhələləri hazırlamaq göstərişi verdi: “Seçilmiş prioritetlərə uyğun olaraq elmi tədqiqat işlərinin mövzuları hazırlanarkən bir sıra prinsiplər nəzərə alınmalıdır. Belə ki, laboratoriyanın müəyyənləşdirdiyi mövzu elmi, iqtisadi, texnoloji və hərbi məqsədli, həmçinin, fundamental elmi tədqiqatlar sahəsində əsasən, beynəlxalq elmi birliklər çərçivəsində aparılacaq işləri özündə əks etdirməli, təqdim edilən mövzular respublikamız üçün xüsusi aktuallığa malik olmalı, konseptual xarakter daşımalı, o cümlədən, mövzu planlaşdırılması zamanı bütün elmi tədqiqat işlərinin nəticəliliyi, praktiki əhəmiyyəti göstərilməklə, beynəlxalq elmi nəşrlərdə bu işlərin öyrənilmə səviyyəsi və onlara istinadlar mütləq nəzərə alınmalıdır. Xüsusən də, tətbiqə tövsiyyəli elmi tədqiqat işlərinin nəticəliliyi həmin işlərin tətbiq imkanları və respublika üzrə müxtəlif sahələrdə faydalılığı ilə ölçülməli, əlavə olaraq fundamental elmi işlər yüksək reytinqli elmi jurnallarda nəşr və onlara olan istinadlarla qiymətləndirilməlidir”.
İnstitutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Ə.Sucayev, elmi katib k.ü.f.d. M.Səfərova, laboratoriya müdirləri, tex. e.d., prof. H.Cavadova, k.e.d., prof. P.Məmmədova, baş elmi işçi, tex.e.d., dosent E.Nağıyeva çıxış edərək öz fikirlərini bildirdilər və təkliflərini səsləndirdilər.