AMEA Aşqarlar Kimyası İnstitutunda Azərbaycanın fədakar kimyaçı alimləri” mövzusunda anım mərasimi keçirilib

215

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda bu elmi müəssisənin YAP Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan “Azərbaycanın fədakar kimyaçı alimləri” mövzusunda anım mərasimi keçirilib. 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirdi ki, 90-cı ilin “Qanlı yanvar”ında günahsız, əliyalın insanlara qarşı həyata keçirilən qətliyam insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, ölkəmizin əsrlər boyu qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb.

Onun sözlərinə görə, milli azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.

Akademik qeyd edib ki, qanlı hadisələrdə bütün təbəqələrdən olan günahsız insanlar – şagird, tələbə, müəllim, alim və digər görkəmli ziyalılarımız şəhid olub: “Həmin qırğından 3-4 gün keçməsinə baxmayaraq 24 yanvarda şəhid olanlardan Azərbaycanın fədakar kimyaçı alimləri, professorlar – İbrahim İbrahimov, İsmayıl Mursaqulov və Svetlana Məmmədova da var idi, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədova isə ağır yaralanmışdılar. Bəlkə də tarixi təsadüfdür ki, bizim İnstitutun aparıcı elmi işçisi olmuş professor İdris Əhmədov 3 il bundan öncə məhz 2019-cu ilin 20 yanvar tarixində vəfat etdi. Şübhəsiz onun vəfatında o zaman aldığı fiziki zədə və ən əsası da mənəvi sarsıntıların öz təsiri olmuşdur”.

“20 yanvar Ümumxalq Hüzn Günü” mövzusunda məruzə edən İnstitut YAP Ərazi Təşkilatinin  sədr müavini k.ü.f.d. Səbiyə Osmanova 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib: “Ötən il 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında qalan Dağlıq Qarabağ və ətraf rayonları azad etməklə bizə qələbə qazandıran müzəffər ordumuz əsası 90-cı ilin 20 yanvarında qoyulmuş oyanışı məntiqi sonluqla başa vurdu və ilk dəfə olaraq şəhidlərimizin qisası alındı və biz bu gün alnıaçıq, üzü ağ olaraq Şəhidlər Xiyabanını ziyarət edə bildik”. O qeyd edib ki, bu gün Şəhidlər Xiyabanı Azərbaycanın hər bir vətəndaşının müqəddəs and yeri və ziyarətgahına çevrilib: “Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Deməli, nəsillər dəyişsə də, Vətən oğullarının xatirəsi bundan sonrada ürəyimizdə əbədi yaşayacaqdır”.

Daha sonra tədbirdə çıxış edən İnstitut həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent Elxan İsakov və aparıcı elmi işçi k.ü.f.d., Nüsrət Əliyev 20 yanvar faciəsi ilə bağlı xatirələrini danışdılar.

            

PAYLAŞ