AMEA Aşqarlar Kimyası İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

308

13 yanvar 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunda “Üzvi kimya” və “Neft kimya” ixtisasları üzrə təhsil alan və elmi tədqiqat aparan elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə əyani, qiyabi doktorant və dissertantların attestasiyası keçirilib.

İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, hər bir elmi tədqiqat müəssisəsinin əsas funksiyalarından biri də yüksək ixtisaslı kadr hazırlığıdır. Ona görə elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər bir elmi mütəxəssis elmi işini yüksək səviyyətə yerinə yetirib müvafiq elmi dərəcə qazanmaqla bütövlükdə cəmiyyətə töhvə vermiş olur. Ona görə elmi rəhbərlər istər dissertasiya mövzularının seçilməsində, istərsə də doktorant və dissertantın gələcəyin alimi kimi yetişdirlməsinə məsuliyyətlə yanaşmalı, dünya elminin müasir çağırışlarını nəzərə almalıdır.

Doktorantlar 2021-ci tədris ili ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat verib, fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfrans və təcrübəkeçmələrdə iştirak, çap işləri müzakirə edilib. Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirildiyindən doktorantların növbəti tədris ilində təhsillərini davam etdirməsi tövsiyə olunub.

İclasda icraçı direktor k.e.d., dosent Əfsun Sucayev, elmi katib k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri – tex.e.d., prof. Həqiqət Cavadova, k.e.d., prof. Pərvin Məmmədova və digərləri çıxış edərək fikirlərini bildirib, tövsiyələrini veriblər.

 

PAYLAŞ