AMEA Aşqarlar Kimyası İnstitutunda gənc kadrlara önəm verilir  

605

Azərbaycan Milli Elmlər Akademiyasının akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elan edilən 14 vakant vəzifəyə gənc alim və mütəxəssislər götürüləcək. Bu haqda məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin sözlərinə görə, artıq elan rəsmi mətbuatda dərc olunub: “Vakant vəziflər ayrı-ayrı laboratoriya üzrə kiçik elmi işçidən aparıcı elmi işçi vəzifələrinə qədər hamısını əhatə edir. Hazırda iddiaçılardan sənədlər toplanılır. Qanunvericiliyə uyğun olaraq bu ilin sentyabr ayında seçkilər keçirməklə İnstitutda mühəndis, laborant kimi kiçik vəzifələrdə çalışan doktorantura, dissertantura və magistraturanı bitirən gənc mütəxəssisləri həmin vəzifələrə cəlb etməyi nəzərdə tutmuşuq”.

Ə.Sucayev qeyd etdi ki, bu ilin aprel ayında İnstitutda aparılan attestasiya zamanı 19 əməkdaşın vəzifəsinin, 7 əməkdaşın dərəcəsinin artırılması tövsiyə olunmuşdur ki, onlar da hamısı gənc mütəxəssislərdir: “Bu müddətdə İnstitutun yaşı 70-də yuxarı 4 əməkdaşı ilə öz xahişi ilə əmək müqavilələrinə xitam verilib. Həmin vəzifələrə də gənc kadrların irəli çəkilməsi planlaşdırılır”.

İnstitutda yüksəkixtisaslı elmi kadrların hazırlığına toxunan Ə.Sucayev bildirdi ki, 2022-ci il üçün doktoranturaya və dissertanturaya qəbul plan üzrə fəlsəfə doktoru hazırlığı proqramı üzrə “Üzvi kimya” ixtisasına ayrılmış 2 yerə 5 nəfər, “Neft kimyası” ixtisasından doktoranturaya 1 yerə 1 nəfər, dissertanturaya da 1 yerə 1 nəfər sənəd təqdim etmişdi. Plan üzrə fəlsəfə doktoru hazırlığından “Üzvi kimya”dan dissertanturaya və elmlər doktoru hazırlığı proqramından “Neft kimyası” ixtisasından doktoranturaya və dissertanturaya hər birinə ayrılmış 1 yerə sənəd təqdim olunmuşdu: “Sənəd verənlərdən 4 nəfər Dövlət İmtahan Mərkəzinin keçirdiyi Xarici dil fənnindən qəbul imtahanından keçid balını toplayaraq növbəti mərhələyə buraxılıb”.

O qeyd etdi ki, magistratura hazırlığı üzrə isə “Üzvi kimya” ixtisası üzrə elan olunan 3 plan yerə yüksək bal toplamış 3 abituriyent qəbul olmuş və artıq qeydiyyatdan da keçmişdir.

Ə.Sucayev onu da bildirdi ki, bu ilin 6 ayı ərzində “Neft kimyası” ixtisasından 1 doktorant və 1 dissertantı fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 1 nəfər isə müvafiq dərəcəyə layiq görülmüş və diplomunu almışdır: “Hal-hazırda fəlsəfə doktoru hazırlığı proqramı üzrə 3 doktorant (2 əyani, 1 qiyabi) və 4 dissertant, elmlər doktoru hazırlığı proqramı üzrə isə 3 nəfər doktoranturada, 2 nəfər dissertanturada,  1 nəfər isə magistraturada təhsillərini davam etdirirlər”.

PAYLAŞ