AMEA Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılar beynəlxalq səviyyəli fundamental və innovativ elmi tədqiqatlara cəlb olunublar  

387

25 may 2022-ci il tarixində AMEA Aşqarlar Kimyası İnstitutunda növbəti elmi seminar keçirilib. İnstitutun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev bildirdi ki, son illər elmin bir-biri ilə əlaqəli sahələrində səmərəliliyin artırılması üçün multidissiplinar tədqiqatlara geniş yer verilir: “Ona görə ki, bu sahədə elə fundamental nəzəri və tətbiqi məsələlər vardır, onların həll olunmasında bir elmi istiqamət üzrə yanaşma özünü doğrultmur və qənaətbəxş nəticə əldə olunmur. Bu amili nəzərə alaraq, dünyanın qlobal elmi çağırışları əsas götürülərək İnstitutda çalışan gənc tədqiqatçılar – doktorant, dissertant və magistrlər müasir dövrdə aktuallıq kəsb edən fundamental nəzəri və innovativ tədqqiatlara cəlb olunub”.

O qeyd etdi ki, bu seminarda gənc tədqiqatçıların ötən müddətdə yerinə yetirdikləri tədqiqatların əsas nəticələri müzakirə olunacaq.

Sonra İnstitutun  gənc tədqiqatçıları – İbadulla Mahmudov Portuqaliyanın Lisabon Universitetində təcrübəkeçmə zamanı apardığı tədqiqatların nəticələrindən bəhs edən “Pirazol və digər aromatik törəmələrinin metal komplekslərinin sintezi və komputer eksperimental tədqiqi”,  Leyla Səfərova “Molekulda azot, kükürd, oksigen saxlayan beş və altı halqalı heterotsiklik birləşmələrin alkoksimetil törəmələrinin sintezi və funksional xassələri”, Ulduz Cəfərova “Asetilen sırası amin tərkibli birləşmələr tibb və neft hasilatı üçün perspektivli bakterisidlərdir”, Şəfa Kazımzadə “2,2-(dimetilen-1,3-dioksalan benzil)disulfid siyrilməyə qarşı aşqar kimi”, Həcər Behbudova “Tərkibində kükürd saxlayan biosid xassəli çoxfunksiyalı birləşmələrin sintezi”, Nuridə Məmmədova “Asetofenon əsasında yeni amidlərin sintezi və tədqiqi”, Rufanə Heydərova “Alkilfenollar və alkilfenol əsasında alınan aşqarlar” və Kəmalə Əsgərova “Atmosferin təyyarə tullantıları ilə çirklənməsi” kimi aktual mövzularda maraqlı məruzələr təqdim etdilər. Hər bir gənc tədqiqatçı son bir ildə apardıqları elmi-təcrübi araşdırmalar zaman əldə etdikləri mühüm nəticələr, onların elmi və praktik əhəmiyyəti, tətbiqi imkanları haqqında fikirlərini bildirdilər, sualları cavablandırdılar.

Sonda İnstitutun qabaqcıl mütəxəssisləri tərəfindən hər bir məruzə müsbət qiymətləndirildi.

PAYLAŞ