AMEA Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər arasında adlı müsabiqələr keçiriləcək

1514

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə bu elmi müəssisənin gənc alim, doktorant, dissertant və magistrantları arasında “Ən yaxşı elmi tədqiqat işi” adlı növbəti müsabiqə keçiriləcək. Şura sədri, dosent Əfsun Sucayevin verdiyi məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü və Azərbaycan Milli Elmlər Akademiyasının 75 illiyinə həsr olunan bu elmi müsabiqə artıq 8-ci dəfə keçirilir.

O bildirdi ki, İnstitutda çalışan gənc alim və mütəxəssisləri, təhsil alan doktorant, disertant və magistrantların elmi-tədqiqat aparmaq vərdişlərini artırmaq, onların elmi tədqiqatlara daha ciddi yanaşmaları, onların əsl elmi mütəxəssis kimi yetişməsi, nitq qabiliyyətini inkişafı məqsədi ilə təşkil olunan 20 aprel-30 may 2020-ci il tarixlərini əhatə edən müsabiqə müddətdə  namizədlər son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzə edəcəklər.

Müsabiqədə iştirak etmək istəyənlər 10 gün müddətində məruzələrinin adlarını İnstitut Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidirlər.

Ə.Sucayev dedi ki, bu müsabiqə ilə eyni vaxtda gənc alim və mütəxəssislər arasındda AMEA Aşqarlar Kimyası İnstitutunun yaranmasının 55 illiyinə həsr olunan “Gənclər üçün akademik Əli Quliyev” adlı mükafat müsabiqəsi keçiriləcək.

Mükafatın əsasnaməsinə uyğun olaraq, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən gənc alimlər layiq görülə bilər.

Şura sədri vurğuladı ki, namizədlərin seçimi bir neçə meyar əsasında olacaq. Belə ki, namizədlərin aldığı nəticələrin elmi və praktik əhəmiyyəti əsas götürülmüş, eyni zamanda nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnalda məqaləsinin dərc olunması, xarici ölkələrin birində beynəlxalq konfransda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi meyarlar da nəzərə alınacaq.

Ekspert Komisiyasının yekun rəyi əsasında “Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsi üzrə I, II və III yerlər üzrə qaliblər, “Gənclər üçün akademik Əli Quliyev” adlı mükafat müsabiqəsinin isə bir qalibi seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

Ə.Sucayev qeyd etdi ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölkə səviyyəsində karantin rejimi tətbiq olunduğu üçün hər iki müsabiqəyə sənədlər onlayn rejimdə qəbul ediləcək. Onun sözlərinə görə, əgər karantin rejimi uzadılarsa bu tədbirlər təxirə salınmayacaq, gənclərin təqdimatları belə “Zoom” platforması üzərindən onlayn rejimdə keçiriləcək.

PAYLAŞ