Bu gün AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Karantin rejiminin tələblərinə uyğun şəkildə baş tutan tədbiri açıq elan edən İnstitutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev gündəlikdəki məsələlər haqqında məlumat verib. O bildirib ki, “Zərif üzvi sintez” laboratoriyasının müdiri vəzifəsinə vakansiya elan edilmiş və bu vəzifəyə İnstitutun gənc alimi, böyük elmi işçi, kimya üzrə fəlsəfə doktoru Sevgili İsmayıl qızı Məmmədova tövsiyyə olunub: “Məlum olduğu kimi AMEA-da həyata keçirilən islahatların mühüm bir elementi də rəhbər vəzifələrə istedadlı gənc alim və mütəxəssislərin cəlb olunmasıdır. Bu amili nəzərə alaraq Aşqarlar Kimyası İnstitutu rəhbərliyi də müvafiq şöbə və laboratoriyalarda rəhbər vəzifələrin tutlmasında gənc kadrlara üstünlük verir. Hazırda 50-ə yaxın gənc çalışır. Onlardan da elmi dərəcəsi və elmi adı olan bütün gənclərin vakansiya elan edilən vəzifələrə təyinatı gerçəkləşdirilir”.
Direktor müavini laboratoriya müdirliyinə tövsiyə olunan Sevgili Məmmədovanın elmi fəaliyyətin əsas istiqamətləri, əldə etdiyi nailiyyətlər haqqında məlumat verdi, hazırda onun elmlər doktorluğu dissertasiya işini yekunlaşdırma mərhələsində olduğunu, Elmi Şura üzvlərinin etimad göstərəcəyi təqdirdə İnstitutun işinə töhvələr verə biləcəyini vurğuladı.
Sonra gizli səsvermə keçirildi və Şura üzvlərinin yekdil müsbət rəyi ilə S.Məmmədova “Zərif üzvi sintez” laboratoriyasına müdir seçildi.
Sonra İclasda fəlsəfə doktoru hazırlığı üzrə bu il dissertanturaya qəbul olan Lalə Əşrəf qızı Mehdiyevanın dissertasiya mövzusu və elmi rəhbəri təsdiqləndi və İnstitutun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Rəhimə Fərhad qızı Məmmədovanın 2020-ci il üzrə hesabatı qəbul olunaraq attestasiyadan keçirildi. İnstitutn elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri – k.e.d., professor Pərvin Məmmədova, tex.e.d., professor Həqiqət Cavadova, k.ü.f.d., dosent Elxan İsakov və digərləri gündəlikdə müzakirə olunan məsələlər haqqında öz fikirlərini bildirdilər.