AMEA Aşqarlar Kimyası İnstitutunda “Nizami Gəncəvi İli” ilə bağlı seminar keçirilib

562

Dünən AMEA Aşqarlar Kimyası İnstitutunda  dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş onlayn seminar keçirildi. ZOOM platforması üzərindən təşkil olunan tədbiri giriş nitqi ilə açıq elan edən İnstitutun Baş direktoru akademik Vaqif Fərzəliyev bildirdi ki, məlum olduğu kimi Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi İli” elan edilmişdir: “Prezidentin məlum sərəncamından irəli gələrək Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlamış və digər aidiyyəti qurumlar kimi AMEA və onun tədqiqat instututlar qarşısında bu məsələ ilə əlaqədar konfrans, maarifləndirmə seminarlarının keçirilməsi tapşırığını vermişdir. Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğu üçün elmi istiqamətindən, humanitar-ictimai və ya dəqiq-təbiət elmlərin təmsiliçilərindən asılı olmayaraq hər bir elmi müəssisə və orada çalışan alimlər dahi şəxsiyyəti yad etməli, onun həyat və yaradıcılığı ilə bağlı maariflənməli və onun əsərlərini təbliğ-təşviq etməlidir.

Sonra mərzuçi kimi dəvət olunmuş AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları –  filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin nəsil şəcərəsi və həyatı” və Filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova ““Xosrov və Şirin” poemasında Azərbaycan Atabəyləri” mövzularında maraqlı məruzə etdilər.

Natiqlər bildirdilər ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Onların sözlərinə görə, ailə şəcərəsinin tədqiqindən də məlum olur ki, Nizami Gəncəvi fars və ərəb dilində yazıb-yaratsa da, əsl türk oğlu, türk şairi olub və öz əsərlərində də bu məqamı vurğulayıb.

Məruzəçilərin söylədiklərinə görə, ölkəmizdə, o cümlədən çalışdıqları AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dahi şairin sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Hazırda yubileylə əlaqədar geniş həcmdə yeni monoqrafiya hazırlanıb çap ediləcək.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında sual-cavab və fikir mübadiləsi aparıldı.

 

PAYLAŞ