AMEA Aşqarlar Kimyası İnstitutunda pandemiya dövründə elmi fəaliyyətinin perspektiv planları müzakirə olunub

1339

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Pandemiya şəraitində elmi-tədqiqat institutunun fəaliyyətinin perspektiv məsələlərinin müzakirəsinə həsr olunan tədbirdə laboratoriya və şöbə rəhbərləri iştirak edirdi. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, “Covid-19” pandemiyası ilə əlaqədar karantin rejimi davam etsədə İnstitut əməkdaşları öz fəaliyyətlərini qoyulan tələbləri gözləməklə həyata keçirirlər: “Operativ Qərargah və AMEA Rəyasət Heyətinin sərəncam və göstərişləri nəzərə alınmaqla işçilər həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilirlər. Təbii ki, onların müvafiq iş və tapşırıqla təmin olunması lazımdır. Ona görə belə qərar aldıq ki, yaşı 65-dən yuxarı olan laboratoriya və şöbə rəhbərləri həftədə 2 dəfə işə çıxmaqla elmi tədqiqatların həyata keçirilməsinə rəhbərlik etsinlər. Onlar həftənin qalan günləri isə onlayn rejimdə məsafədən idarəetmə ilə işlərə nəzarəti təmin etməlidirlər”.

V.Fərzəliyev bildirdi ki, AMEA və o cümlədən, elmi tədqiqat institutların 2020-2025-ci illər üzrə inkişaf konsepsiyası var: “Bu sənəddə konkret hədəflər var. O hədəflərə çatmaq üçün elmi tədqiqat institutu olaraq daha çox çalışıb, akademik elmə, ümumilikdə ölkəmizin iqtisadiyyatına, cəmiyyətə töhfə verməliyik”.

Akademik İnstitutda yerinə yetirilən elmi-tədqiqatların səviyyəsini təmin etmək üçün ilk növbədə elmi işçilərin məsuliyyətini artırmaq lazımdır: “Laboratoriya rəhbərləri hər bir laboratoriyada əməkdaşının fərdi iş plan üzrə ona tapşırılan işin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etməlidir. Elmi işçidən tutmuş, laborant və texniklərə qədər hər kəsin çalışdığı laboratoriya qarşısında yerinə yetirdiyi gündəlik işlər olmalıdır. Eyni zamanda onların bilik və bacarıqlarının artırılmasına diqqət yetirilməlidir ki, sabah müstəqil şəkildə elmi tədqiqatla məşğul ola bilsinlər”.

V.Fərzəliyev artıq İnstitutda əməkdaşların elmi fəaliyyətinin qiymətləndirilməsinin aparıldığını söylədi: “Həm laboratoriyaların 2015-2019-cu illər üzrə 5 illik, həm də elmi işçilərin fərdi şəkildə fəaliyyətinin qiymətləndirilməsini aparıb, bal-reytinq siyahısı müəyyənləşdirmişik. Məhz laboratoriyaların akredatsiyası, işçilərin attestasiyası zamanı reytinq siyahısı əsas götürüləcək. Bu prosesi 2020-ci il üçün də keçirəcəyik. Ona görə elmi işçilər dünya elminə inteqrasiya etməli, nüfuzlu jurnallarda məqalə çapına, beynəlxalq konfranslarda məruzələr etməyə maraq göstərməli, bir sözlə öz elmmetrik göstəricilərini yaxşılaşdırmaq üzərində fəal iş aparmalıdırlar”.

V.Fərzəliyev dünya elminin müasir çağrışları və ölkə iqtisadiyyatının mövcud tələbləri nəzərə alınmaqla fundamental nəzəri və tətbiqi elmi tədqiqatlar və yüksək ixtisaslı kadr hazırlığı həyata keçirən elmi müəssisə kimi lazım olacaqsa struktur və onların fəaliyyət sahələrinə yenidən nəzərdən keçiriləcək, müvafiq optimallaşdırılma və təkmilləşdirilmə tədbirləri həyata keçiriləcək.

İclasda elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev, elmi katib k.ü.f.d. Mehparə Səfərova, ümumi işlər üzrə direktor müavini Elman Zülfüqarov, kadrlar şöbəsinin müdiri Rəfiqə Məmmədova, laboratoriya müdiri və İnstitut Həmkarlar Təşkilatının sədri, k.ü.f.d. Elxan İsakov, baş elmi işçilər – k.e.d., dosent Elmira Nağiyeva, k.e.d. Sabira Sərdarova və digərləri gündəlikdə duran məsələrlə bağlı öz rəy və təkliflərini verdilər, fikir mübadiləsi apardılar.

PAYLAŞ