AMEA Aşqarlar Kimyası İnstitutunda sabiq doktorant və disertantların problemləri müzakirə olundu

920

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun rəhbərliyi təhsil müddəti bitmiş, lakin dissertasiya müdafiə etməmiş fəlsəfə və elmlər doktoru hazırlığı üzrə sabiq doktorant və dissertantlar ilə görüş keçirib. İnstitutun direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, elmi tədqiqat müəssisələrinin əsas vəzifələrindən biri yüksəkixtisaslı kadr hazırlığından ibarətdir: “Çox təəssüf ki, bir çox hallarda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olunanlar təhsil müddətini başa vurduqdan sonra uzun müddət keçsə də müdafiə etmirlər. Bu isə İnstitutun özünün elmi dərəcə və elmi ada sahib yüksək ixtisaslı kadr təminatında problemlərin yaranmasına səbəb olur”.

O, yaxın dövrlərdə AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən institutların akreditasiyasının aparılacağını və qiymətləndirmə meyarı kimi müəssisələrdə çalışan elmi işçilərin kəmiyyət və keyfiyyət göstəricilərinin əsas götürüləcəyini vurğuladı.

V.Fərzəliyev təhsil müddəti bitmiş doktorant və dissertantların dissertasiya işlərinin hazırlanması, elmi əsərlərin çapı və digər məslələrlə bağlı üzləşdiyi problemlərin həllinə İnstitut tərəfindən müəyyən köməklik göstərilə biləcəyini diqqətə çatdırdı.

İnstitutun elmi işlər üzrə direktor müavini k.e.d., dos. Əfsun Sucayev Azərbaycan Respublikası Prezidentinin yanında AAK-ın qəbul edilən yeni əsasnaməsinə daxil edilən yeniliklər haqqında məlumat verdi və doktorantların suallarını cavablandırdı. O bu mövzuda doktorant və dissertantlar üçün ayrıca maarifləndirmə seminarın təşkil ediləcəyini bildirdi.

Sonra institutun təhsil müddəti əvvəlki illərdə başa çatmış, lakin dissertasiya işlərini müdafiə etməmiş doktorant və dissertantlar yerinə yetirdikləri tədqiqat işlərinin icra vəziyyəti, dissertasiya mövzuları üzrə çap olunmuş əsərlərin sayı, çeşidi, dissertasiya işlərinin yerinə yetirilmə dərəcəsi, işi vaxtında müdafiə edə bilməmələrinin səbəbləri, üzləşdikləri problemlər haqqında geniş məlumat verdilər. Hər bir doktorant və dissertantın elmi rəhbərləri və məsləhətçilərinin də məsələ ilə bağlı izahatları dinlənildi. Dissertasiya işləri başa çatmaq üzrə olan doktorant və dissertantlara işi müdafiəyə təqdim etmələri üçün konkret vaxt qoyuldu.

İclasın sonuda qərara alındı ki, hər bir doktorant və dissertant dissertasiya mövzusu üzrə çap olunmuş elmi əsərlərinin sayı və tərkibi, dissertasiya işinin yerinə yetirilmə dərəcəsini əhatə edən yekun məlumatı hazırlayıb Təhsil şöbəsinə təqdim etsinlər. Eyni zamanda dissertasiya işləri müdafiə ərəfəsində olan doktorant və dissertantların ümüminstitut seminarlarında dissertasiya işi üzrə məruzələri dinləniləcək.

Bu ilin sentyabr ayında təhsil müddəti başa çatmış, lakin müdafiə etməmiş doktorant və dissertantlarla növbəti görüş təşkil olunacaq.

Görüşdə səsləndirilən məsələlər ətrafinda İnstitutun elmi katibi, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri, professorlar – Həqiqət Cavadova, Pərvin Məmmədova, k.ü.f.d. Mina Musayeva və digərləri fikirlərini bildirdilər və təkliflərini səsləndirdilər.

 

PAYLAŞ