Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Yeni Azərbaycan Partiyasının (YAP) ilk ərazi partiya təşkilatı yaradılıb. Bu münasibətlə təşkil olunan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP-ın AMEA üzrə kuratoru, filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərli, İnstitut əməkdaşları və fəal gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan AKİ-nin direktoru əvvəlcə bu elmi müəssisənin fəaliyyət istiqamətləri, dünya elminə və iqtisadiyyata verdiyi töhfələr, əldə etdiyi mühüm nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verdi və bildirib ki, rəhbərlik etdiyi elmi qurumda ərazi partiya təşkilatının yaranmasına zərurət kollektivin çoxsaylı müraciətləri əsasında baş verib. Onun sözlərinə görə, ərazi təşkilatının indi yaranmasına baxmayaraq AKİ və onun əməkdaşları həmişə dövlətə, dövlətçiliyə, eləcə də dünənin, bu günün və sabahın partiyası olan YAP-a ürəkdən bağlı olub, elmi fəaliyyətlə yanaşı istər hökumətin, istərsə Akademiya rəhbərliyinin təşkil etdiyi ictimai, siyasi tədbirlərə dəstək verib, bundan sonra da verəcək.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov isə belə bir addımın atılmasından qürur hissi duyduğunu dilə gətirib və Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu YAP-nın keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib. O qeyd edib ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Qeyd edilib ki, Azərbaycan xalqının müqəddəratını həll edən, dünənin, bu günün və sabahın məsuliyyətini öz üzərinə götürən, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan YAP aparıcı siyasi qüvvə kimi bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir-birindən əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib.
T.Əhmədov institutun partiya sıralarına qəbul olunan yeni üzvlərinə uğurlar arzulayıb.
Sonra YAP-a üzvlük üçün müraciət edən 82 əməkdaşın adları oxunub və üzvlüyü təsdiq olunub. Sonra yeni təsis olunan təşkilatın 7 nəfərdən ibarət İdarə heyəti seçilib. İdarə heyəti açıq səsvermə ilə institutun aparıcı elmi işçisi, k.ü.f.d. Vəli Kazımovu sədr, laboratoriya müdiri k.ü.f.d. Elxan İsakov və elmi işçi Lalə Mahmudovanı sədr müavini təsdiq edib.