Azərbaycan Milli Elmlər Akademiyasının akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasında 2021-ci il üzrə şöbə və laboratoriyaların elmi və elmi-təşkilati yekunlarına həsr olunan hesabat iclası keçirilib.
İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev iclas iştirakçılarına gündəlikdə duran məsələlər barədə məlumat verərək bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq hesabat dövrünün əhəmiyyətli hissəsi xüsusi karantin rejiminə təsadüf edib: “Amma bu məhdudiyyət İnstitutun, o cümlədən elmi işçilərin elmi fəaliyyətinə kəskin təsir etməyib. İnstitutun cari ildə fəaliyyəti nəticəsində 4 mühüm nəticə əldə olunmuşdur ki, onlardan 3-ü fundamental nəzəri, 1-i isə tətbiqi işlə bağlıdır. Bu müddətdə institut əməkdaşlarının 25 məqaləsi impakt faktorlu xarici jurnallarda dərc olunub. Əməkdaşların apardıqları elmi tədqiqatların nəticələrinə həsr olunan məqalələrə dünya alimləri 250-ə yaxın istinad ediblər. Eyni zamanda hesabat dövründə elmi işçilərimiz 13 patent almışlar, bunu da son illərin yüksək göstəricisi hesab etmək olar”.
Sonra İnstitutun 12 laboratoriya, 3 şöbə, 1 Təcrübə Sınaq Stansiyası, 2 ictimai təşkilatın rəhbərləri hesabat məruzələri ilə çıxış etdilər. Laboratoriya müdirləri əsasən hesabat ilində zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materiallarının məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi istiqamətində görülən işlər haqqında geniş məlumat verdilər. Bundan başqa, sintetik yağlara yüksək temperaturlarda davamlı oksidləşmə inhibitorlarının yaradılması, yeni tip çoxfunksiyalı aşqarların və xüsusi təyinatlı yağların yaradılması və tətbiq sahələrinin müəyyənləşdirilməsi ilə əlaqədar yerinə yetirilən işləri, həmçinin laboratoriya əməkdaşlarının il ərzində qazandıqları patent və çap etdirdikləri elmi əsərlər haqqında məlumat verdilər.
Məruzələr ətrafında İnstitutun icraçı direktoru, k.e.d., dosent Ə.Sucayev, elmi katib k.ü.f.d. M.Səfərova, laboratoriya müdirləri tex.e.d., prof.H.Cavadova, k.e.d., prof. P.Məmmədova, k.e.d. M.Əliyeva, k.ü.f.d., dosentlər E.İsakov, O.Nəbiyev, V.Kazımov, M.Musayeva və digərləri fikir mübadiləsi apardılar.
Akademik V.Fərzəliyev hesabatları məqbul hesab etdi və növbəti ildə görülməsi nəzərdə tutulan perspektiv elmi işlər haqqında tövsiyə və təkliflərini verdi.
Akademik bildirdi ki, gələcəkdə aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır.
Sonda hesabatların qəbul olunması haqqında qərar verildi.