“Dünyanın qabaqcıl sayılan ölkələrinin koronovirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda ölkəmizin apardığı nümunəvi mübarizə bilavasitə prezident, cənab İlham Əliyevin bir tərəfdən uzaqgörən, müdrik siyasəti nəticəsində yaranmış vəziyyəti vaxtında düzgün qiymətləndirməsi, hadisələri qabaqlaması, digər tərəfdən xalqına, vətəndaşına olan sonsuz sevgi-məhəbbətin məntiqi nəticəsidir”. Bu fikirləri bildirən AMEA akad. Ə.Quliyev adına Aşarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə, dövlət başçısının qeyd etdiyi “mənim üçün əsas olan insanlarımızın sağlamlığıdır” fikirləri təkcə sözdə yox, əməldə öz təsdiqini tapdı: “Cənab Prezident çıxışlarında həmişə qeyd edirdi ki, ölkəmiz sosial dövlətdir. Atılan hər bir addım dayanıqlı iqtisadi inkişafın tənzimlənməsi ilə yanaşı xalqımızın sağlamlığının qorunması, onların sosial-maddi rifahının yaxşılaşdırılması məqsədi daşıyır. Pandemiya dövründə atılan təxirəsalınmaz tədbirlərlə bu bir daha öz təsdiqini tapdı”.
V.Fərzəliyev qeyd etdi ki, hazırda koronavirus pandemiyasının yaratdığı məsuliyyətli və çətin günlərdə dövlət başçısının rəhbərliyilə respublikamızda vaxtında bütün sahələri əhatə edən qabaqlayıcı tədbirlər sözün əsl mənasında ölkəmizdə istər yoluxma, istərsə də ölüm hallarının olduqca az olması ilə nəticələnib: “Ölkədə tətbiq olunan karantin rejiminin müsbət nəticəsini bu gün pandemiyanın əhaliyə mənfi təsirində görməmək mümkün deyil. Ona görə, biz alim, müəllimdən tutmuş sıravi vətəndaşa qədər hamılıqla həmrəyliyimizi davam etdirərək, sağlam qalmağımız üçün də cənamb Prezidentin atdığı hər bir addımı bundan sonra da ürəklə dəstəkləyəcəyik”-, deyə akademik vurğulayıb.
Məlumat üçün qeyd edək ki, AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və mübarizə aparılması üçün həmrəylik, birlik və məsuliyyət göstərmək məqsədi ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk günlərdə dəstək verən alimlərdən biri olub. O fonda 500 manat pul köçürüb.