AMEA Aşqarlar Kimyası İnstitutunda “Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə yolları” mövzusunda növbəti elmi seminar keçirilib. Tədbirdə çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini k.e.d., dosent Əfsun Sucayev bildirib ki, dünya təcrübəsində hər bir alimin elmi fəaliyyəti elmmetrik meyarlar əsasında qiymətləndirilir: “Artıq akademik institut olaraq biz də 2016-cı ildən etibarən hər il elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsini aparırıq və alimlərimizin göstərdiyi nəticələr əsasında reytinq siyahısı tərtib olunur, ilk 3 yeru tutan əməkdaşlar elmə daha da həvəsləndirilmək üçün mükafatlandırılır. Bu qiymətləndirmə elmi işçilər arasında sağlam rəqabət mühiti yaratmaqla, bütövlükdə İnstitutun elmi fəaliyyətinin yüksəlməsinə xidmət edir”.
Ə.Sucayevə görə, aparılan təhlillər göstərir ki, bu istiqamətdə əldə olunan nəticələr qənaətbəxş olsa da, yetərli deyil və İnstitutun potensial imkanlarını tam eks etdirmir: “Əsas səbəb də həm də elmi işçilərin qlobal elmmetrik bazalar və akademik sosial şəbəkələrdən düzgün və məqsədyönlü istifadə edə bilməmələridir. Ona görə belə bir mövzuda maarifləndirmə seminarının keçirilməsini məqbul hesab etdik”.
İnstitutun “Patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması” laboratoriyasının mütəxəssisi Rafiq Əsədov mövzu üzrə məruzə edərək, dünya alimlərinin geniş istifadə etdiyi elmmetrik bazalar, onlardan istifadə qaydaları, akademik sosial şəbəkələrdə profillərin yaradılması, onların idarə olunması ilə bağlı konkret nümunələr üzərində ətraflı məlumat verdi, bütün sualları cavablandırdı.