AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası illik hesabat verib

1338

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Elmi Şurasında gənc alim və mütəxəssislərin 2020-ci ilin elmi-ictimai fəaliyyətinin yekunlarına həsr olunan hesabatı dinlənilib. Məruzə ilə çıxış edən İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Səbiyə Osmanova bildirdi ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejiminin tətbiq olunmasına baxmayaraq Şura 2020-ci il üçün qəbul olunmuş plana uyğun fəaliyyətini davam etdirmişdir: “Hesabat dövründə Şuranın təşkilatçılığı ilə növbəti dəfə “Gənclər üçün akademik Əli Quliyev mükafat”ı müsabiqəsi uğurla keçirilmişdir. Bu dəfə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97, AMEA-nın 75 və AKİ-nin 55 illik yubileylərinə həsr olunan gənc alimlərin, doktorant və dissertantların elmə həvəsləndirilməsi məqsədi daşıyan bu müsabiqə nəticəsində İnstitutun 1 gənc əməkdaşı bu mükafata layiq görülmüşdür. Həmçinin, “2 fevral Gənclər Günü” ilə əlaqədar İnstitututda gənc alim və mütəxəssislərin – doktorant, dissertant və magistrantların iştirakı ilə görüş keçirilmiş və elmi və ictimai fəaliyyəti ilə seçilən gənclərə təşəkkürnamə və pul mükafatı təqdim edilmişdir”.

Şura sədri vurğuladı ki, AKİ gənc alimləri 01 avqust 2020-ci il tarixində AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Pandemiya dövründə gənc alimlərin üzləşdiyi problemlər, onların həlli yolları və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə gənc alimlərin baxışı” mövzusunda onlayn interaktiv seminarda, 4-6 avqust 2020-ci il tarixində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda, həmçinin Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların onlayn konfranslarda məruzələrlə çıxış etmişlər. “AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda Bakıda keçirilən II beynəlxalq elmi konfransın hazırlığında AKİ-nin alimləri yaxından iştirak etmiş, 5 gənc mütəxəssis məruzə və poster təqdimatları etmişlər, sonda sertifikatla təltif olunmuşlar”, deyə fikirlərinə əlavə edib.

S.Osmanova bildirib ki, Bakı Dövlət Universitetinin “Kimya” ixtisası üzrə 27 nəfərdən ibarət IV kursda təhsil alan tələbələri AKİ-də istehsalat təcrübəsi keçmiş, onlar ayrı-ayrı laboratoriyalarda cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olmuş, bəzi təcrübələri yaxından izləmişlər. Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləmişlər.

Onun sözlərinə görə, “Sabahın alimləri” IX Respublika Müsabiqəsinə “Tibb və sağlamlıq” bölməsi üzrə qoşulan Mingəçevir şəhər 16 nömrəli orta məktəbin şagirdləri Raya Həsənli və Sevil Əsgərlinin Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında həyata keçirdikləri “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi müsabiqənin fərqləndirmə diplomuna layiq görülmüşdür.

Şura sədri onu da vurğulayıb ki, AKİ-də bu  elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurası, Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatı, Azad Həmkarlar İttifaqı Təşkilatı və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “20 Yanvar – Azərbaycanın qırılmaz əzm və iradəsinin rəmzi” anım mərasimi, həmçinin,  Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Məruzə ətrafında İnstitutun direktoru, akademik V. Fərzəliyev, elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Ə.Sucayev, elmi katib k.ü.f.d. M.Səfərova, laboratoriya müdirləri tex.e.d., prof. H.Cavadova, k.e.d., prof. P.Məmmədova, k.ü.f.d., dosent E.İsakov və digərləri çıxış edərək, gənclərin elmi-ictimai fəaliyyətini qənaətbəxş hesab etdilər.

Sonda hesabat qəbul olundu.

PAYLAŞ