Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən elan edilmiş 4-cü layihə müsabiqəsi çərçivəsində təqdim edilmiş və ilkin ekspertizadan uğurla keçmiş 62 layihə üzrə elmi ekspertiza tamamlanıb. Qeyd edilməlidir ki, hər bir layihə həm AMEA, həm də TÜBİTAK tərəfindən 2 müstəqil rəyçiyə göndərilib və ümumilikdə 4 müstəqil ekspert tərəfindən qiymətləndirilib.
Ekspertizanın nəticələrinə əsasən, 4 layihə yüksək nəticələrlə qalib seçilib.
Bunlardan biri də akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu tərəfindən təqdim olunmuş koordinatoru professor Pərvin Məmmədova olan “Mikroorqanizm yüklü nüvə/qabıq maqnit nanohissəciklərdən istifadə etməklə dəniz suyunda və torpaqda neft dağılmalarının nanotəkmil bioremediasiyası” adlı layihədir.