Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun Baş direktoru akademik Vaqif Fərzəliyev, icraçı direktor kimya elmləri doktoru, dosent Əfsun Sucayev və Bakı Dövlət Universitetinin alimləri – akademik A.Məhərrəmov, professor Məlahət Qurbanova, doktorant Fidan Axundova Türkiyənin Atatürk və Bartin universitetlərindən olan həmkarları ilə birlikdə müştərək tədqiqatlar çərçivəsində antidiabetik potensiala malik dərman maddələrin yaradılması istiqamətində beynəlxalq tədqiqatlar aparmış və mühüm elmi nəticələr əldə etmişdirlər. Alınan bu nəticələrlə bağlı məqalə impakt faktorlu “Politsiklik Aromatik Birləşmələr” (Polycyclic Aromatic Compounds) adlı nüfuzlu xarici jurnalda (https://www.tandfonline.com/eprint/BKRQJ97Z8FRMZ2JUYWIU/full?target=10.1080/10406638.2021.1981405) dərc edilib.
İnstitutdan bildirilib ki, məqalə bioloji aktivliyə malik bisiklik strukturların molekulyar dokinq araşdırılmasına, antidiyabetik və antixolinerjik potensialının qiymətləndirilməsinə həsr olunub. Bəzi bisiklik molekulların molekulyar dokinq hesablamaları və müxtəlif analiz nəticələrindən əldə edilən göstəricilər bu molekulların gələcəkdə diabet əleyhinə dərman olaraq istifadəsində heç bir nəzəri problem olmadığını təsdiq edib.
Xatırladaq ki, Taylor & Francis kimi dünyaca məhşur “Polycyclic Aromatic Compounds” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.