“Apple” elektromobilləri istehsal ediləcək

667

Cənubi Koreyanın “LG” şirkəti və Kanadanın “Magna International” avtomobil istehsalçısı “LG Magna Electronics Powertrain” və ya “LG Magna e-Powertrain” adlı birgə müəssisə yaradıb. Son məlumatlara görə, şirkətlər “Apple” elektromobillərinin istehsalına hazırlaşırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “LG Magna e-Powertrain” şirkəti “Apple” korporasiyası ilə saziş imzalamağa yaxındır. Şirkət “Apple” elektromobillərinin kütləvi istehsalına cavabdeh olacaq. Hazırda sazişin detalları ilə bağlı müzakirələr davam etdirilir.

Məlumata görə, əvvəlcə elektromobillərin gücü zəif olacaq. Bu, “Apple” şirkətinin birinci nəsil elektromobillərdən bazar tələbatının qiymətləndirilməsi üçün istifadə etməyi planlaşdırması ilə əlaqədardır.

“LG Group” şirkətinin “LG Display”, “LG Chem”, “LG Energy Solution” və “LG Innotek” daxil olmaqla törəmə şirkətlərinin “Apple” ehtiyat hissələrinin tədarük zəncirinə daxil olduğundan ABŞ korporasiyası təchizat zənciri ilə bağlı problemlərdən narahat deyil. Bu “LG” bölmələri istehsala və “Apple” avtomobilləri üçün lazım olan detal və komponentlərin sürətli çatdırılmasına zəmanət verirlər.

“LG” smartfonlarının istehsalı üzrə bölmənin bağlanılması ilə bağlı qəbul edilən qərardan sonra şirkət avtomobil biznesinə investisiya qoyuluşu üçün daha çox vəsaitə malik olacaq.

“LG” və “Apple” şirkətləri məsələyə münasibət bildirməkdən imtina ediblər.

Nizam Nuriyev

PAYLAŞ