ABŞ-ın “Apple” korporasiyası Sinqapurda Marina-Bey körfəzində açılacaq yeni pərakəndə satış mağazasının layihəsini təqdim edib. O, şirkətin ilk üzən mağazası olacaq və suda yerləşməklə futuristik üslubda hazırlanacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, şirkət tərəfindən binanın kənardan görünüşünü əks etdirən kiçik reklam videoçarxı dərc olunub. Onun fasadı neon işıq xətlərinə malik şüşə panellərlə örtüləcək. Plana görə, onlar gecə vaxtı işıq saçacaqlar. Mərkəzdə şirkətin parlaq qırmızı rəngli loqotipi quraşdırılacaq.
Məlumata görə, mağaza dünyada say etibarilə 512-ci və Sinqapurda Orçard-roud küçəsində və aeroportda “Jewel Changi” ticarət mərkəzindən sonra üçüncü “Apple Store” nöqtəsi olacaq. Şirkətin rəsmi saytında qeyd olunur ki, yeni mağaza yaradıcılıq və ideyaların ifadəsi yeri olacaq. Yaradıcılar tərəfindən mərkəz payızın ortalarında illik festival zamanı Sinqapur körfəzini dolduran ənənəvi parlayan şarları xatırladan “körfəz fənəri” adlandırılır.
2020-ci ilin martında “Apple” koronavirus pandemiyasına görə Çindən kənarda yerləşən bütün pərakəndə satış mağazalarının fəaliyyətini müvəqqəti dayandırıb, şirkət əməkdaşları isə evdən işləməyə başlayıb. “Apple” rəhbəri Tim Kukun sözlərinə görə, bu tədbir infeksiyanın yayılmasına mane olacaq.
Nizam Nuriyev