Aşqarlar Kimyası İnstitutnun alimlərinin 2024-cü ildəki elmi fəaliyyəti qiymətləndirilib

29

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının cari il üzrə sonuncu iclası keçirilib.

İlk öncə Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş vermiş facidə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gündəlikdə duran məsələlər haqqında məlumat verən İnstitutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, artıq ənənəvi olaraq bu hesabat ilində də laboratoriya və elmi işçilərin elmi fəaliyyətininin qiymətləndirilməsi aparılmış, hər iki kateqoriya üzrə qaliblər seçilmiş və onlarla bərabər digər fərqlənən elmi işçilər də mükafatlandırılmışdır: “Artıq 6 ildir həyata keçirilən bu qiymətləndirmə istər laboratoriyaların, istərsə də elmi işçilərin arasında sağlam rəqabət yaratdığı üçün bu proses ümumilikdə institutun elmi fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, bu il ərzində çap olunmuş məqalələrin sayı 52 olub. Onlardan 36-sı xarici, 15-i respublika jurnallarının payına düşür. Ən əsası “Web of Science” və “Scopus” beynəlxalq elmi  bazalarına daxil olan jurnallarda dərc olunan məqalələrin sayı 21,  РИНЦ bazasına daxil olan jurnallarda 5-dir”.

Ə.Sucayev bildirib ki, 2023-2024-cü illər üzrə əsas elmmetrik meyarlar üzrə aparılan müqayisəli təhlillərdən məlum olur ki, bütün parametrlər üzrə əsaslı şəkildə artım baş vermişdir: “2024-cü ilin elmi nəticələrinə əsasən ölkə üzrə fəaliyyət göstərən universitet və elmi tədqiqat institutlarının beynəlxalq səviyyədə 20 mindən çox alim və mütəxəssisinin profili və 150 minə yaxın elmi nəşrin təhlili əsasında hazırlanmış reytinq sıralanmasında – “Azerbaijan National H-index Ranking-2024” “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksə (H-index) görə AKİ  Azərbaycanda lider elmi təşkilatların reytinq siyahısında 84 elmi təşkilatın və universitetin arasında milli H-indeksi (National H-index) 21 olmaqla, reytinq siyahısında 19-cu yerdə (elmi tədqiqat institutları sırasında 8, kimya institutları sırasında 2-ci yerdə) qərarlaşmışdır.  İnstitutun H-indeksi “Web of Science” üzrə 24, “Scopus” üzrə 23, “Google Scholar” üzrə 30-a yüksəlmişdir. Müqayisə üçün qeyd edək ki, 2023-cü il üzrə İnstitut H-indeks 18 olmuşdur. Analoji olaraq H-indeksi “Web of Science” üzrə 22, “Scopus” üzrə 21, “Google Scholar” üzrə 23”.

Onun sözlərinə görə, H-indeksi göstəricilərinə (“Google Scholar” və “Scopus” H-indeksləri) əsaslanaraq Azərbaycanda elmi məhsuldarlığın liderləri, eyni zamanda hər bir elmi təşkilatda ən məhsuldar araşdırıcılarından ibarət 1000 araşdırıcı arasında Aşqarlar Kimyası İnstitutunun 11 aliminin adı reytinq siyahısına daxil olmuşdur.

İclasın gündəliyinə uyğun olaraq, İnstitutun 2025-ci il üçün elmi-tədqiqat işləri planı müzakirə edilərək təsdiq edilib. Həmçinin “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi k.ü.f.d. Nəzər Nəzərovun “Molekulda tiokarbamid fraqmenti saxlayan heterotsiklik birləşmələr” adlı monoqrafiyasının çapa tövsiyə edilməsi haqqında da qərar qəbul edilib.

İclasda İnstitutun elmi katibi k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri – k.e.d., prof. Pərvin Məmmədova, tex.e.d., dos. Elmira Nağıyeva, k.ü.f.d. Elxan İskaov çıxış edərək gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər.

PAYLAŞ