Aşqarlar Kimyası İnstitutnda “22 iyul – Milli Mətbuat Günü” qeyd edilib

134

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “22 iyul – Milli Mətbuat Günü” ilə əlaqədar tədbir keçirilib. Giriş nitqi ilə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, qarşıdan jurnalistlərin peşə bayramı gəlir: “Bayram ərəfəsində Aşqarlar Kimyası İnstitutunun elmi-təşkilati fəaliyyətinə geniş informasiya dəstəyi verən dövlət mətbuatının bəzi nümayəndələri ilə görüş keçirməkdə məqsədimiz, onlara çətin, məsuliyyətli və şərəfli peşə fəaliyyətlərinə görə təşəkkür etmək və onların elmi-tədqiqat müəssisəsi ilə yaxından tanışlığını təmin etməkdir”.

V.Fərzəliyev rəhbərlik etdiyi müəssisənin əsas elmi fəaliyyət istiqamətləri, əldə edilən elmi nailiyyətləri, gələcək perspektivləri haqqında qısa məlumat verərək, onu da bildirdi ki, bu mühüm məlumatların publistik dildə ictimayyətə operativ və dolğun şəkildə çatdırılmasında mətbuatın rolu çox böyükdür.

O qeyd etdi ki, İnstitutun əməkdaşlıq etdiyi bütün mətbuat vasitələri həmişə obyektivliyi, qərəzsizliyi qoruyaraq xalqa ancaq Azərbaycanda elmin mövcud vəziyyəti ilə bağlı həqiqətləri çatdırır və ictimayyətdə Azərbaycan elmi və alimləri haqqında düzgün rəy və fikirlərin formalaşmasına töhfə verirlər.

Akademik bu günlərdə dövlətin ən ali mükafatına layiq görülən İnstitutun mühüm kompleks-elmi nailiyyətinin geniş və aydın şəkildə elmi ictimayyətə çatdırılmasında dövlət mətbuatının həlledici amil olduğunu söylədi.

Baş direktor bundan sonra da Aşqarlar Kimyası İnstitutu kollektivinin ölkənin iqtisadi inkişafı və müdafiə qüdrətinin artırılmasına yönələn strateji məqsədli səmərəli fəaliyyətini davam etdirəcəyini və bu sahədə bütün ölkə mətbuatı ilə əməkdaşlığa önəm veriləcəyini qeyd etdi.

Ölkəmizin mətbuat nümayəndələrinə peşə bayramı münasibəti ilə təbriklərini çatdıran İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev ölkəmizdə kifayət qədər həqiqi qələm sahibləri-jurnalistlərin olduğunu qeyd etdi və onların gərgin əməklərinə məmurdan tutmuş sıravi vətəndaşa qədər hər kəsin diqqət göstərməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

O, Aşqarlar Kimyası İnstitutunun dövlət mətbuatı ilə sıx əməkdaşlıq etdiyini vurğuladı və İnstitutun tanıdılması və təbliğində görüşə dəvət olunan jurnalistlərin əvəzsiz rolunun olduğunu söylədi.

Görüşə dəvət olunduqlarına görə İnstitut rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildirən “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Oruc Mustafayev, “Xalq qəzeti”nin müxbiri Pünhan Əfəndiyev və “AzərTAC” Dövlət İnformasiya Agentliyinin müxbiri Sevda Cəfərova elmi institutlarla əməkdaşlıqdan məmnun olduqlarını, bundan sonra da elmi məlumatların populyar dildə ictimayyətə çatdırılması və bir sözlə elmin populyarlaşması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildirdilər.

Sonda mətbuat nümayəndələrinə İnstitutla sıx əməkdaşlıqlarına görə təşəkkürnamələr təqdim olundu.

PAYLAŞ