Aşqarlar Kimyası İnstitutu Belarus Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə müştərək elmi tədqiqat işlərini davam etdirir

91

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu Belarus Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə birgə yerinə yetirdiyi müştərək beynəlxalq tədqiqatları davam etdirir. Bu haqda məlumat verən İnstitutn icraçı direktoru professor Əfsun Sucayevin sözlərinə görə, ötən dövr ərzində zərif üzvi sintez vasitəsilə yüksək təsirə malik üzvi reagentlərin sintezi hesabat dövründə də davam etdirilmiş və müxtəlif funksional xassələrini, onların təsir mexanizmini tədqiq etmək və quruluşları ilə səmərəliliyi arasında olan əlaqəyə əsasən perspektivli reagentlərin seçilməsinin elmi əsasları işlənmişdir: “Belə ki, tərəfimizdən alınan tiosianat tərkibli yeni heterotsiklik birləşmələrin Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutunun “Molekulyar Genetika” laboratoriyasında heyvanlar üzərində eksperimental modellərdə effektivliyi qiymətləndirilmiş, bioloji fəaliyyət spektrinin kompüter hesablamaları aparılmış, bu birləşmələrin standart dərmanlarla müqayisədə yüksək effektivliyə malik olduğu sübut olunmuşdur”.

Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, dərman maddələrinin yaradılmasında faydalı ola bilən ən yüksək fizioloji aktivliyə malik olan birləşmə N-[1-(fenilsulfonil)-2-(propoksikarbonil)-3-(tiosianato)-4,6-dimetil]-piperidindir. Bu birləşmə antioksidant təsirə malik olub, bioloji membranın fəaliyyətinə əhəmiyyətli təsir göstərir, aşağı qatılıqlarda isə eritrositlər olan membranları stabilləşdirir. Mitoxondri membranın potensialının artması effekti müşahidə olunur, ehtimal edilir ki, bu daşıyıcı zülallara bağlanmaq qabiliyyəti ilə əlaqədardır. Bundan əlavə, bioloji aktivlik spektrinin virtual proqnozlaşdırılmasında perspektiv ola bilən bir sıra xassələr üzə çıxmışdır.

Hazırda bu yeni birləşmənin şəkərli diabet xəstəliyinə qarşı potensial təsirlərinin heyvanlar üzərində olan sınaqaqları davam etdirilir.

Müştərək əməkdaşlıq üzrə əldə olunan əsas nəticələrlə bağlı 1 məqalə hazırlanıb nüfuzlu xarici jurnala (Bioorganic Chemistry, Elsevier – İF- 5.1) göndərilmişdir

 

PAYLAŞ