Aşqarlar Kimyası İnstitutu “Sabahın alimləri”nə yüksək səviyyədə elmi və texniki dəstək verir

234

Məlum olduğu kimi Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “BP Azərbaycan” şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII respublika müsabiqəsi start götürüb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun (AKİ) bir qrup gənc alim və mütəxəssisləri müsabiqə çərçivəsində elmi-tədqiqat institutlarının əməkdaşları, məktəb direktorları, müəllimlər, doktorantlar, tələbələr və şagirdlər üçün fevralın 14-də təşkil olunan sərgiyə baxış keçirmiş, sabahın alimi olacaq məktəblilərin elmi layihə təqdimatları ilə yaxından tanış olmuş, fikir mübadiləsi aparmışlar.

Qeyd edək ki, AKİ bu müsabiqəyə də elmi və texniki dəstək verir. Belə ki, “Sabahın alimləri” XII respublika müsabiqəsinə qatılan Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin şagirdlərinin layihəsinin təcrübi hissəsi AKİ-nin “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında yerinə yetirilmişdir.

Məlumat üçün onu da bildirək ki, 2018-ci ildə “Sabahın alimləri” VII Respublika müsabiqəsi çərçivəsində 2 məktəbli – Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdləri elmi layihə yerinə yetirmişlər. Onlardan biri Türkiyənin İzmir şəhərində 04-10 iyun 2018-ci il tarixlərdə keçirilən “OKSEF-2018” beynəlxalq müsabiqənin final mərhələsinə seçilərək 38 xarici ölkədən 450 iştirakçının qatıldığı bu layihə olimpiyadasında ölkəmizə bürünc medal qazandırmışdır.

2019-cu ildə “Sabahın alimləri” VIII Respublika müsabiqəsi çərçivəsində hazırlanan Nizami rayonu 251 saylı orta məktəbin başqa 2 nəfər 11-ci sinif şagirdi Türkiyənin İzmir şəhərində 11-16 iyun 2019-cu il tarixlərdə keçirilən “OKSEF-2019” beynəlxalq müsabiqənin final mərhələsinə vəsiqə qazanmışlar. Layihənin təcrübi hissəsi 2018-2019-cu illər ərzində Aşqarlar Kimyası İnstitutunun “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasında yerinə yetirilmişdir.

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə “Tibb və sağlamlıq” bölməsi üzrə qoşulan Mingəçevir şəhər Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin İnstitutunun “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında yerinə yetirdikləri “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi müsabiqənin fərqlənmə diplomuna layiq görülmüşdür.

26 noyabr 2021-ci il tarixində Türkiyənin İzmir şəhərində onlayn formatda keçirilən “BUCA IMSEF-2021 Beynəlxalq Elm Müsabiqəsi”nə  qatılan dünyanın 27 ölkəsindən 166 layihə sırasında final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Təbiət-riyaziyyat Humanitar elmlər təmayüllü liseyin və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin 2 şagirdinin Aşqarlar Kimyası İnstitutunun ideya dəstəyi və elmi məsləhəti ilə kimya fənni üzrə hazırladıqları innovativ layihə bürünc medala layiq görülmüşdür. Onlar eyni zamanda 2022-ci ildə keçirilən “Sabahın alimləri” XI Respublika Müsabiqəsinə “Kimya” bölməsi üzrə qatılaraq III yerin qalibi olublar.

 

PAYLAŞ