Aşqarlar Kimyası İnstitutunda elmi-təşkilati fəaliyyəti ilə fərqlənən gənclər mükafatlandırılıb

6

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə  “2 Fevral – Gənclər Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev gənc alim və mütəxəssisləri Gənclər günü münasibəti ilə təbrik edib və onlara gələcək elmi-ictimai fəaliyyətlərində uğurlar arzulayaraq bildirib ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.

Ə.Sucayev qeyd edib ki, indiki gənclər daha fəaldılar: “Gənclərimiz göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyəti də dərk edir və dövlətimizin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar”.

O, elmi gəncliyi bundan sonra daha da fəal olmağa çağırıb.

İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Mustafayeva, İnstitut Həmkarlar Təşkilatının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov gəncləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

İnstitutun gənc mütəxəssisi olan Jalə Səfiyeva “2 Fevral Gənclər günü”nə həsr olunan maraqlı təqdimatla çıxış edib.

Sonda Aşqarlar Kimyası İnstitutunun gənc alim və mütəxəssisləri arasında ən fəal gənclər – Jalə Səfiyeva və Şahnisə Qurbanova sertifikatla təltif ediliblər.

PAYLAŞ