Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd edilib

218

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər. Giriş nitqi ilə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev qeyd edib ki, SSRİ tarixində sovetlər birliyinə daxil olan 15 respublikaların bir çoxunda qanlı, faciəli hadisələr törədilsə də, onlardan ən böyüyüyü Azərbaycanda 90-cı ilin “Qanlı yanvar”ında günahsız, əliyalın insanlara qarşı həyata keçirilən qətliyam idi. Bu hadisə insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, həm də xalqımızın şərəfli, qəhrəmanlıq tarixinə daxil olan əlamətdar bir gündür.

Onun sözlərinə görə, milli azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi, minlərlə insanın yaralanması, itkin düşməsi totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.

Akademik qeyd edib ki, qanlı hadisələrdə bütün təbəqələrdən olan günahsız insanlar – şagird, tələbə, müəllim, alim və digər görkəmli ziyalılarımız şəhid olub: “Həmin qırğından 3-4 gün keçməsinə baxmayaraq 24 yanvarda şəhid olanlardan Azərbaycanın fədakar kimyaçı alimləri, professorlar – İbrahim İbrahimov, İsmayıl Mursaqulov və Svetlana Məmmədova da var idi, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədova isə ağır yaralanmışdılar. Bəlkə də tarixi təsadüfdür ki, bizim İnstitutun aparıcı elmi işçisi olmuş professor İdris Əhmədov 3 il bundan öncə məhz 2019-cu ilin 20 yanvar tarixində vəfat etdi. Şübhəsiz onun vəfatında o zaman aldığı fiziki zədə və ən əsası da mənəvi sarsıntıların öz təsiri olmuşdur”.

İnstitut Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov “20 yanvar Azərbaycan xalqının faciəli və qəhrəmanlıq tarixi” mövzusunda çıxış edərək bildirib ki, 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib: “2020-ci ildə Ali Baş Komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında qalan Dağlıq Qarabağ və ətraf rayonları azad etməklə bizə qələbə qazandıran müzəffər ordumuz əsası 90-cı ilin 20 yanvarında qoyulmuş oyanışı məntiqi sonluqla başa vurdu və ilk dəfə olaraq şəhidlərimizin qisası alındı və biz bu gün alnıaçıq, üzü ağ olaraq Şəhidlər Xiyabanını ziyarət edə bildik”. İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova çıxışında vurğulayıb ki, bu gün Şəhidlər Xiyabanı Azərbaycanın hər bir vətəndaşının müqəddəs and yeri və ziyarətgahına çevrilib: “Hər il yanvarın 20-də minlərlə insan, o cümlədən biz gənclər Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edirik. Deməli, nəsillər dəyişsə də, Vətən oğullarının xatirəsi bundan sonrada ürəyimizdə əbədi yaşayacaqdır”.

Daha sonra tədbirdə çıxış edən aparıcı elmi işçi k.ü.f.d., Nüsrət Əliyev, İnstitut Mülkü Müdafiə Qərargahının rəhbəri Hüseyn Dünyamalıyev 20 yanvar faciəsi ilə bağlı xatirələrini danışdılar.

Sonra 20 Yanvar gecəsində baş vermiş həmin müdhiş gecənin dəhşətlərini  əks etdirən fotolar və videotəqdimatlar nümayiş etdirilib.

 

PAYLAŞ