Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd edilib

100

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Giriş nitqi ilə çıxış edən İnstitutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova Azərbaycanda 90-cı ilin “Qanlı yanvar”ında günahsız, əliyalın insanlara qarşı həyata keçirilən qətliyamdan danışıb: “Bu hadisə insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, həm də xalqımızın şərəfli, qəhrəmanlıq tarixinə daxil olan əlamətdar bir gündür. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb”.

İnstitut Həmkarlar Təşkilatının sədri k.ü.f.d., dosent Elxan İsakov “20 yanvar  faciəsini unutmarıq” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

E.İsakov qeyd edib ki, qanlı hadisələrdə bütün təbəqələrdən olan günahsız insanlar – şagird, tələbə, müəllim, alim və digər görkəmli ziyalılarımız şəhid olub: “Həmin qırğından 3-4 gün keçməsinə baxmayaraq 24 yanvarda şəhid olanlardan Azərbaycanın fədakar kimyaçı alimləri, professorlar – İbrahim İbrahimov, İsmayıl Mursaqulov və Svetlana Məmmədova da var idi, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədova isə ağır yaralanmışdılar. Bəlkə də tarixi təsadüfdür ki, bizim İnstitutun aparıcı elmi işçisi olmuş professor İdris Əhmədov 5 il bundan öncə məhz 2019-cu ilin 20 yanvar tarixində vəfat etdi. Şübhəsiz onun vəfatında o zaman aldığı fiziki zədə və ən əsası da mənəvi sarsıntıların öz təsiri olmuşdur”.

Daha sonra tədbirdə çıxış edən aparıcı elmi işçi k.ü.f.d., Nüsrət Əliyev 20 yanvar faciəsi ilə bağlı xatirələrini danışıb və öz yazdığı şeri səsləndirib.

Sonra 20 Yanvar gecəsində baş vermiş həmin qətliyamın dəhşətlərini  əks etdirən fotolar nümayiş etdirilib.

 

PAYLAŞ