Aşqarlar Kimyası İnstitutunda 2022-ci ildə mühüm fundamental və tətbiqi xarakterli elmi nəticələr əldə olunub

256

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu əməkdaşları tərəfindən 2022-ci ildə bir üstün istiqamət və bir problemi əhatə edən 12 mövzu və 36 mərhələ üzrə zərif üzvi sintezin və komüter modelləşməsinin müasir imkanlarından istifadə etməklə sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, fizioloji fəal maddələrin, korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsaslarının işlənilməsi, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması sahəsində fundamental və tətbiqyönlü tədqiqatlar aparılaraq mühüm elmi nəticələr əldə edilmişdir. Bu haqda məlumatı İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev AMEA Kimya Elmləri Bölməsinin yığıncağında təqdim etdiyi hesabat məruzəsində bildirmişdir. Onun sözlərinə görə il ərzində institutda bu mövzular üzrə aparılmış tədqiqatların nəticələrindən 5-i fundamental, 2-i tətbiqi xarakterli olamaqla 7 ən mühümü «AMEA-nın 2022-ci ildəki fəaliyyəti haqqında hesabat» məcmuəsinə daxil edilmək üçün təqdim edilib: “Fundamental əhəmiyyət kəsb edən nəticələrdən 2-i  Türkiyənin Atatürk, Bartin, İtaliya Florensiya Universiteti, Səudiyyə Ərəbistanın Kral Səid Universitetlərinin  və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin akademik A.Favorski adına İrkutsk Kimya İstitutunun alimləri ilə müştərək beynəlxalq tədqiqat çərçivəsində “Bəzi qlobal xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların yaradılması” və “Altsheymer və şəkərli diabet xəstəliklərinə qarşı potensial dərman təsirinə malik enzim inhibitorların alınması və “molekulyar dokinq” tədqiqi” ilə bağlıdır. Sintez olunan yeni heterotsiklik birləşmələrin canlı orqanizmdə asetilxolineseraza (AChE), butirilxolinesteraza (BChE) enzim, Karbon Anhidraz I və II (CA I, II) izoenzimlər üzrə yüksək inhibitor xassəsi göstərmişlər. Aparılan çoxsaylı analizlər, o cümlədən “Molekulyar dokinq” tədqiqatları nəticəsində məlum olmuşdur ki, gələcəkdə bu inhibitorların ayrı-ayrı funksional qrupa malik nümayəndələri epilepsiya, onikibarmaq bağırsaq və mədə xoraları, qlaukoma, Altsheymer xəstəliyi və şəkərli diabet də daxil olmaqla, dünyada geniş yayılan bəzi qlobal xəstəliklərin müalicəsi üçün  potensial dərman maddələri kimi istifadə oluna bilər”.

Ə.Sucayev qeyd edib ki, digər mühüm nəticə Lisabon Universitetinə ezam olunan Aşqarlar Kimyası İnstitutunun doktorantı İbadulla Mahmudovun Portuqaliyadan olan həmkarları ilə birgə həyata keçirilən tədqiqatları nəticəsində əldə olunmuşdur: “Başqa sözlə bu mühüm nəticə zərif üzvi sintez üsulları və kompüter kimyasının ən son imkanlarından istifadə etməklə bir mərhələli çoxkomponentli reaksiyalar nəticəsində alınmış yeni potensial dərman maddələrin X-ray və Hirsfeld səth analizi ilə müfəssəl struktur təhlillərinə həsr olunmuşdur”.

İcraçı direktor bildirib ki, triboloji xassələrə malik daha təsirli üzvi reagentlərin sintezi və tədqiqi ilə bağlı əldə olunan mühüm nəticə  sintez edilmiş yeni birləşmələrin sürtkü yağlarında yüksək triboloji xassələrə malikdir və bu xassələr maddələrin kimyəvi tərkibi və quruluşundan asılı olmasını müəyyənləşdirmişdir: “Turş mühitdə metalların korroziyasına qarşı effektiv təsir edən inhibitorlarının sintezi və tədqiqində əldə etdiyimiz digər bir mühüm nəticə isə yaradılmış yeni inhibitorun turş mühitdə metalların korroziyasına qarşı effektliliyi bu məqsədlə işlənən əmtəə inhibitorlardan  xeyli üstün olduğunu özündə ehtiva edir”.

Aşqarlar Kimyası İnstitutunda əldə olunan tətbiqi xarakterli mühüm nəticələrdən danışan Ə.Sucayev vurğulayıb ki, təmsil etdiyi İnstitutn alimlərinin sintez etdikləri aşqarlar motor yağlarının korroziyaya, oksidləşməyə qarşı və yuyuculuq xassələrini kəskin yaxşılaşdırmaqla qeyd olunan xassələrə görə ВНИИНП-714, OLOA-218A, AMOKO-9230 və MACK markalı xarici analoqlarından xeyli üstündür. “Eyni zamanda İnstitutmuzda hesabat dövründə kükürd və karboksilat saxlayan sənaye analoqlarından daha təsirli olan yüksək qələvili çoxfunksiyalı aşqarın yaradılmışdır ki, onlar da sənaye analoqlarından (OLOA-218 və MACK) korroziyaya, yeyilməyə, oksidləşməyə qarşı və yuyuculuq xassələrinə görə əhəmiyyətli dərəcədə üstündür”, – deyə, fikirlərinə əlavə edib.

Ə.Sucayev qeyd edib ki, fundamental elmi nəticələrin əhəmiyyəti dünyanın impakt faktoru yüksək olan nüfuzlu jurnallarında dərc olunan məqalələr və onlara qısa müddətdə dünya alimləri tərəfindən 100-ə yaxın istinad edilməsi ilə izah olunur: “Ölkə iqtisadiyyatına və ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edəcək tətbiqi xarakterli işlərin isə əhəmiyyəti və yeniliyi həm patentlər, həm də laboratoriya və tətbiqolunma sınaqlarından uğurla keçirilməklə öz təsdiqini tapmışdır”.

2022-ci ildə İnstitutda tətbiq üzrə 2 iş yerinə yetirildiyini söyləyən icraçı direktorun sözlərinə görə, Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış və “Aşqar” Elmi İstehsalat Birliyində istehsal olunan, yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan  Sanqaçal terminalına daxil olan neftlər)  Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunan “Depressator-AKİ” aşqarının istehsalı institutun  vaxtaşırı müəllif nəzarəti altında davam etdirilimiş min tonlarla Azərbaycan Dövlət Neft Şirkətinə təqdim olunmuşdur: “O cümlədən Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış və H.Əliyev adına Neft Emalı Zavodunda istehal olunan gəmi dizelləri üçün M-12ВБ markalı motor yağının komponent tərkibində bəzi dəyişiklik etməklə qeyd olunan motor yağınnın istismar xassələri xeyli yaxşılaşdırılmışdır”.

2022-ci ildə institut əməkdaşlarının elmi nəşr fəaliyyəti haqqında məlumat verən Ə.Sucayev böyük elmi əhəmiyyət kəsb edən 186 elmi əsərinin çap olunduğunu, onlardan 2-nin monoqrafiya olduğunu bildirib: “İl ərzində çap olunmuş məqalələrin sayı 46  (xarici jurnallarda 20, respublika jurnallarında 14, konfrans materiallarında – 12). Thomson Reuters bazasına daxil olan jurnallarda dərc olunmuş məqalələrin sayı 16, РИНЦ bazasına daxil olan jurnallarda 9-dur.

Hesabat ilində institutun əməkdaşlarının 26 elmi konfransda  139 tezis və 12 məqalə ilə iştirak etmişlər: 17 respublika konfransı üzrə 130 tezis və 10 məqalə, 9 xarici konfrans üzrə 9 tezis və 2 məqalə çap olunmuşdur. Hesabat dövründə dünya alimləri tərəfindən institut əməkdaşlarının məqalələrinə edilən istinadların sayı 300-dən çox olmuşdur. Eyni zamanda 2022-ci ildə institut tərəfindən 3 Azərbaycan patenti və 13 ixtiranın dərci haqqında müsbət “Qərar” alınmışdır. Qeyd olunan müddətdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanları Mərkəzinə 18 ədəd ixtiraya dair iddia sifarişi hazırlanıb göndərilmişdir”.

Ə.Sucayev yüksək ixtisaslı kadr hazırlığı, İnstitutun beynəlxalq əməkdaşlıq əlaqələri, elm-təhsilin inteqrasiyasının sürətləndirilməsi, elmi ezamiyyətlər, yerli-beynəlxalq tədbirlərdə iştirak, gənclərin elmə marağının artırılması üçün keçirilən müxtəlif həvəsləndirmə tədbirləri, təltiflər və sair haqqında məlumat verib.

Sonda hesabat qəbul edilib.

PAYLAŞ