Aşqarlar Kimyası İnstitutunda 2023-cü ildə mühüm fundamental və tətbiqi nəticələr əldə edilmişdir

130

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun 2023-cü ildəki elmi, elmi-təşkilati fəaliyyəti məhsuldar olub. Bu haqda məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin sözlərinə görə təmsil etdiyi elmi müəssisənin əməkdaşları tərəfindən 2023-cü ildə bir üstün istiqamət və bir problemi əhatə edən 12 mövzu və 35 mərhələ üzrə Zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların, yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, potensial dərman maddələrinin məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi sahəsində fundamental və tətbiqyönlü tədqiqatlar aparılmış və 6 fundamental, 5 tətbiqi xarakterli olmaqla 11 ən mühüm nəticə əldə edilmişdir.

Ən mühüm nəticələrdən söz salan Ə.Sucayev bildirib ki, müştərək beynəlxalq tədqiqatlar çərçivəsində tərkibində tiosianat qrupu saxlayan yeni heterotsiklik birləşmələrdən ibarət canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları yaradılmışdır. Xüsusən, karbon anhidraz izoenzimin yeni inhibitorları qan damarları və kapilyarların genişlənməsi və tıxanmasının qarşısını almaq qabiliyyətinə malik potensial dərman təsirinə malikdir.

O, əlavə edib ki, Portuqaliyanın Lissabon Universitetinin əməkdaşları ilə birlikdə pirazol əsaslı birləşmələrin və eyni zaman da optimal struktura malik N-əvəzli tiokarbamidlərin yeni metal kompleksləri sintez edilmişdir. Həmin komplekslər stirolun benzaldehidə peroksid oksidləşməsində ilk dəfə katalitaztor kimi tətbiq olunmuş və məqsədyönlü məhsul kimi benzaldehidin çıxımı 80%-ə qədər artmışdır: “Fundamental tədqiqatlar zamanı metalların turş mühitdə korroziyasının qarşısını yeni inhibitorlar, tərkibində siyrilməyə qarşı xassələrin daşıyıcıları olan tion və sulfid kükürd atomlarını saxlayan uyğun efirlər, allilkaprilat, butilmetakrilat və stirolun birgə polimerləşməsindən ikili və üçlü birgə polimerlər də alınmışdır”.

İcraçı direktor qeyd edib ki, fundamental nəticələrin yeniliyi və əhəmiyyəti nüfuzlu beynəlxalq jurnallarda dərc olunan məqalələrə dünya alimləri tərəfindən edilən çoxsaylı istinadlarla təsdiqlənmişdir.

Tətbiqi xarakterli nəticələrə gəldikdə isə Ə.Sucayev vurğulayıb ki, İnstitut alimlərinin tədqiqatları zamanı xüsusi təyinatlı itiyerişli yerüstü texnikanın turboüfürmə ilə yüksək gücləndirilmiş dizel mühərriklərinin bütün mövsümlərdə istismarını təmin edən yeni motor yağı yaradılmışdır: “Strateji material olan xüsusi təyinatlı sürtkü yağlarının yaradılması ölkəmizin müdafiə qüdrətini artırır, xarici ölkələrdən asılılığını azaldır və müdafiə sənayesinin inkişafına yardım edir. Yeni yağın istehsalı Yüksək Texnologiyalar Parıkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda həyata keçirilir. Yaradılmış yeni xüsusi təyinatlı motor yağının AR Müdafiə Nazirliyi sərəncamında olan müvafiq xüsusi təyinatlı texnikada sınaqlarına başlanılmış və ilkin nəticələr müsbət olmuşdur”.

İnstitut rəsmisi digər bir tətbiq olunan mühüm nəticənin Bakı Neft Emalı Zavodlarının uzun illər ərzində fəaliyyəti nəticəsində əmələ gəlmiş Abşeronun Balaxanı ərazisinə tullanaraq həddindən artıq ekoloji gərginlik yaradan min tonlarla turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların istismar xassələrini yaxşılaşdıran əlavə yaradılmasından ibarət olduğunu diqqətə çatdırıb: “Turş qudronun emal məhsulu artıq tətbiq edilir. İnstitutda yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də bu il də davam etdirilib. Eyni zamanda aviasiyada istifadə olunan sintetik sürtkü yağının 200ºC-dən yuxarı temperaturlarda oksidləşməsinin qarşısını alan və istismar müddətini uzadan AKİ-194, o cümlədən yağlayıcı-soyuducu mayelərə yüksək bakterisid və funqisid xassələrə malik yeni aşqarlar da yaradılmışdır”.

Onun sözlərinə görə, bəzi fundamental və tətbiq xarakterli elmi nəticələrin yeniliyi və mühüm əhəmiyyəti 13 patentlə təsdiq edilmişdir.

Hesabat dövründə İnstitutun elmi fəaliyyəti haqqında məlumat verən Ə.Sucayev diqqətə çatdırıb ki, il ərzində 52 elmi məqalə, o cümlədən  onlardan  22-i respublikada, 30-u xaricdə (17 məqalə  Web of Science  və Scopus bazalarında, 10 məqalə isə digər beynəlxalq bazalara  daxil olan jurnallarda)  olmaqla, ümumilikdə 164 elmi əsər çap olunub. 2023-cü  ildə  İnstitut əməkdaşlarının məqalələrinə 300-ə  yaxın is­ti­­nad edilib.

Ə.Sucayev hesabat dövründə yüksək ixtisaslı kadr hazırlığı, İnstitutun beynəlxalq əməkdaşlıq əlaqələrinin, elm-təhsilin inteqrasiyasının sürətləndirilməsi istiqamətində eləcə də, gənclərin elmə marağının artırılması üçün müxtəlif həvəsləndirmə tədbirləri həyata keçirildiyini, İnstitut əməkdaşlarının xarici ölkələrdə qısa və orta müddətli təcrübəkeçməyə göndərildiyini və beynəlxalq, respublika əhəmiyyətli elmi konfranslarda fəal iştirak etdiklərini, alimlərin elmi-ictimai fəaliyyətinin diplom və sertifikatlarla təltif edildiyini vurğulayıb.

 

PAYLAŞ