Aşqarlar Kimyası İnstitutunda 2023-cü ildəki elmi nəşr fəaliyyətinin elmmetrik meyarlarla təhlili aparılıb

233

21 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutununda geniş tərkibdə  Elmi Şurasının iclası keçirilib.

İlk öncə İnstitutun “Yağlayıcı-soyuducu kompozisiyalar ” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Məmmədova Pərvin Şamxal qızı 80 illik yubileyi  münasibətilə Azad Həmkarlar Təşkilatının Fəxri Fərmanı ilə təqdim edilib.

Daha sonra gündəlikdə duran məsələlər haqqında məlumat verən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, Elmi Şurada institut əməkdaşlarının 2023-ci ilin 6 ayı ərzindəki fəaliyyətinin qısa hesabatı dinləniləcək, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarin elmi-tədqiqat fəaliyyəti müzakirə olunacaq.

V.Fərzəliyev qeyd edib ki, elmi tədqiqat müəssisələrinin əsas vəzifələrindən biri yüksəkixtisaslı kadr hazırlığından ibarətdir. Müzakirəni təşkil etməyin əsas məqsədi elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsinə iddia edən doktorant, dissertantların problemlərini təhlil etmək və həllinə nail olmaqdır. “Bütün bu müzakirələr, təhlillər ona görədir ki, dissertasiya işi müdafiə edən doktorant və ya dissertantın həm tədqiqat işi samballı, elmə töhfə verə bilən elmi iş olsun, həm də iddiaçının bilik səviyyəsi müvafiq elmi dərəcə və ya elmi ad almağa layiq görülsün”, deyə akademik fikirlərinə əlavə edib.

İnstitutun icraçı direktoru k.e.d., dos. Əfsun Sucayev institut əməkdaşlarının 2023-cü ilin yarımillik fəaliyyətinin əsas nəticələrinin qısa hesabatını təqdim edib. O, hesabat dövründə elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının səfərbər edilməsi, AKİ-nin fəaliyyətinin prioritet istiqamətlərinin daha da inkişaf etdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, beynəlxalq və yerli aparıcı elmi-təhsil qurumları ilə əməkdaşlığa böyük önəm verildiyini vurğulayıb.

İnstitutunun 2023-cü il 6 aylıq nəşr fəaliyyətini elmmetrik meyarlarla təhlil edən Ə.Sucayev bildirib ki, hesabat dövrünün nəticələrinə əsasən ölkə üzrə fəaliyyət göstərən universitet və elmi tədqiqat institutlarının beynəlxalq səviyyədə 20 mindən çox alim və mütəxəssisin profili və 150 minə yaxın elmi nəşrin təhlili əsasında hazırlanmış reytinq sıralanmasında –  “Azerbaijan National H-index Ranking-2023” “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksə (H-index) görə Aşqarlar Kimyası İnstitutu  Azərbaycanda lider elmi təşkilatların reytinq siyahısında 83 elmi təşkilatının və universitetin arasında milli H-indeksi (National H-index) 17 olmaqla reytinq siyahısında 18-ci yerdə qərarlaşıb (İnstitutun H-indeksi “Web of Science” və “Google Scholar” üzrə 22, “Scopus” üzrə isə 21-yə bərabərdir).

İcraçı direktor AKİ-də elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin tətbiqinin təmin edilməsi, İnstitutun mövcud kadr potensialından düzgün istifadə edilməsi istiqamətində atılan addımlardan danışıb.

Ə.Sucayev bu elmi-tədqiqat müəssisəsində çalışan elmi işçilər, təhsil alan magistr və doktorantların fəaliyyətin qiymətləndirilmə sisteminin keyfiyyətcə yaxşılaşdırılması, onların müştərək beynəlxalq tədqiqatlara cəlb olunmasının vacibliyini vurğulayıb, hər bir işçinin elmmetrik səhifə və profillərin yaradılmasına, tədqiqat zamanı aldıqları mühüm elmi nəticələrin nüfuzlu jurnallarda dərc edilməsinə önəm verilməsini elmi müəssisənin nüfuzunun daha da artırılması nöqteyi-nəzərdən məqsədəuyğun hesab edib.

Daha sonra hər bir doktorant və dissertantla ayrı-ayrılıqda fikir mübadiləsi aparılıb.

PAYLAŞ