Aşqarlar Kimyası İnstitutunda “8 Mart – Beynəlxalq Qadınlar Günüdür” adlı tədbir keçirildi

100

Martın 7-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunda “8 Mart –Beynəlxalq Qadınlar Günü”nə həsr olunan tədbir keçirildi.

Tədbiri giriş nitqi ilə açan İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev qadınların ictimai-siyasi sferadakı rolundan danışaraq ilk növbədə demokratik cəmiyyətin inkişafının təminatçısı olan qadınların dövlət idarəçiliyindən tutmuş ölkənin mədəni, pedaqoji, elmi həyatında öz səylərini əsirgəməyərək  öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulayıb.

Akademik qeyd etdi ki: “Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli – mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür.” O institutda çalışan bütün qadınları təbrik edib, işlərində uğurlar arzuladı.

İnstitutun icraçı direktoru professor Əfsun Sucayev, Azad Həmkarlar Təşkilatının sədri Elxan İsakov, YAP İnstitut Təşkilatının sədri Vəli Kazımov və aparıcı elmi işçi Nüsrət Əliyev qadınları bu gün münasibətilə təbrik edib, xoş arzularını bildirdilər.

Sonda institutun elmi katibi, k.ü.f.d. Mehparə Səfərova bütün qadınlar adından çıxış edərək, İnstitut İdarə Heyətinə öz minnətdarlığını bildirdi.

 

PAYLAŞ