Aşqarlar Kimyası İnstitutunda ekoloji problemlərin həlli istiqamətində aparılan elmi tədqiqatlara həsr olunan seminarlar davam etdirlir

38

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planına uyğun olaraq ekoloji maarifləndirmə seminarları davam etdirilir. 15 oktyabr 2024-cü il tarixində “Aşqarlar Kimyası İnstitutunda ekoloji problemlərin həlli istiqamətində aparılan elmi tədqiqat işləri” mövzusunda növbəti seminar keçirilib.

Seminarın gündəliyi haqqında institutun elmi katibi k.ü.f.d., dosent Mehparə Səfərova məlumat verərək  ekoloji problemlərin həllinə yönələn elmi fəaliyyətə həmişə üstünlük verildiyini, bununla əlaqədar ayrı-ayrı laboratoriyalarda müxtəlif istiqamətlərdə tədqiqatlar aparıldığını və mühüm fundamental və tətbiqi nəticələr əldə edildiyini söyləyib. Onun sözlərinə görə, keçiriləcək ekoloji maarifləndirmə seminarları həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 konfransına verilən töhfədir.

Sonra İnstitutun “Müxtəlif funksiyalı polimer birləşmələr” laboratoriyasının  aparıcı  elmi  işçisi  k.ü.f.d., dosent  Elnarə Həsənova mövzu üzrə geniş məruzə ilə çıxış edib.

O, institut alimlərinin ölkəmizin ekoloji təhlükəsizliyinə böyük töhfə verdiyi elmi layihələrdən olan ilk tüstü əleyhinə aşqar yaradılmasından, işlənmiş motor yağlarının regenerasiya texnologiyasının yaradılması və regenerasiya məhsulu əsasında müxtəlif təyinatlı sürtkü kompozisiyalarının yaradılmasından, neftlə çirklənmiş torpaqların bərpa və münbitləşdirilməsi üçün Azərbaycanın ekoloji-iqlim şəraitini nəzərə alan, bitkilər və destruktor mikroorqanizmlərin birgə təsirini təmin edən rasional fitoremediasiya texnologiyasının  hazırlanmasından məlumat verib.

E.Həsənova qeyd edib ki, institut alimlərinin ekoloji problemlərin həllinə yönələn ən son uğurlu tətbiqyönlü elmi işlərindən biri də Balaxanı ərazisində min tonlarla yığılmış və ekoloji problem yaradan “turş qudron”un emal prosesinin yaradılması və emal məhsulunun istifadəsi ilə əlaqəlidir.

Mövzu ətrafında professor P.Məmmədova. t.e.d. Y.Ramazanova öz fikir və təkliflərini bildirmişlər.

 

PAYLAŞ