Aşqarlar Kimyası İnstitutunda fundamental tədqiqatlarla yanaşı tətbiqi xarakterli araşdırmalar da aparılır

5

Bakı, 28 noyabr, Sevda Cəfərova, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların sintezinin elmi əsaslarının yaradılması, alınma texnologiyasının işlənib-hazırlanması, müxtəlif təyinatlı yüksəkkeyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, eləcə də fizioloji fəal maddələrin sintezi və tədqiq sahəsində fundamental tədqiqatlar aparılır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məhsul şəxsi və elmi işçisi Kəmalə Məmmədova söyləyib. O bildirib ki, institutda aparılan fundamental tədqiqatlarla yanaşı tətbiqi xarakterli araşdırmalar da xüsusi yer tutur.

“Bu il institutun alimlərinin apardıqları elmi tədqiqatların nəticələri çap olunmuş xeyli sayda məqalə və patentlərdə əks olunub.

Alınmış patentlər arasında böyük tətbiqi əhəmiyyət kəsb edə biləcək iki məxfi patent də var.

Bunlar institutun aparıcı alimləri olan akademik Vaqif Fərzəliyev, professorlar Əfsun Sucayev və Həqiqət Cavadova tərəfindən işlənib hazırlanmış “Xüsusi təyinatlı texnikanın dizel mühərriki üçün bütün mövsümlərdə işləyən motor yağı” və “İtiyerişli yerüstü texnikanın yüksək gücləndirilmiş dizel mühərrikləri üçün motor yağı” patentidir.

İnstitutun alimləri hər il olduğu kimi bu il də alınmış patentlərin sayına görə respublikada ən ön sırada yer alıblar”, – deyə Kəmalə Məmmədova vurğulayıb.

PAYLAŞ