Aşqarlar Kimyası İnstitutunda gənc tədqiqatçılara nüfuzlu xarici jurnallarda elmi məqalə dərc etməyin qaydaları öyrədilir

180

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər üçün “Nüfuzlu jurnallarda məqalələrin dərc olunması qaydaları” mövzusunda növbəti maarifləndirici seminar keçirilib.

Təqdimatla çıxış edən İnstitutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev elektron sistem üzərindən məqalənin Web of Science və Scopus bazalarında axivləşən Elsevier, Springer, Wiley və Taylor&Francis nəşriyyatlarına aid olan jurnallara təqdim edilməsi, nəşr prosesinin bütün mərhələləri haqqında geniş izahat verərək bildirib ki, bu mövzularda keçirilən seminarların gənc alimlərin– doktorant, dissertant, magistrantlar üçün daha böyük əhəmiyyəti vardır. Çünki onlar həm nəzəri biliklər əldə etmək, həm tədqiqat aparmaq bacarıqları və vərdişləri mənimsəməklə yanaşı, həm də əldə etdikləri elmi nəticələrin məqalə şəklində yazılması və dərc edilməsi qaydalarını öyrənmiş olurlar.

Ə.Sucayev qeyd edib ki, məqalənin nüfuzlu jurnallarda nəşri – tədqiqatçının elmi fəaliyyət sahəsinin genişlənməsi və elmi səviyyəsinin artmasının, ölkənin elmi nüfuzunun yüksəlməsi və mövqeyinin möhkəmlənməsinin təmin edilməsi deməkdir.

Ə.Sucayev vurğulayıb ki, təqdim olunan məqalələrin yüksək indeksli nəşrlərdə qəbul edilməməsi mütəxəssislərimizin bir sıra hallarda öz dəyərli nəticələrini yüksək standartlar səviyyəsində hazırlayıb təqdim edə bilməməsindən, bu sahədə təcrübə çatışmazlıqlarından irəli gəlir. Bu problemləri nəzərə alaraq, keçirdiyimiz silsilə seminarlarda nüfuzlu elmi jurnallarda elmi nəticələrin dərci və bununla bağlı olan problemlər, elmi məqalənin çap üçün təqdimolunma prosesi və tədqiqatçının elmi jurnal seçərkən diqqət yetirəcəyi əsas məqamları potensial gənc tədqiqatçılara aşılamağa çalışırıq.

Ə.Sucayev konkret nümunələr üzrə, əyani formada nüfuzlu jurnallarda məqalə dərc etməyin qaydalarını göstərib və sualları cavablandırıb.

                                       

PAYLAŞ