Aşqarlar Kimyası İnstitutunda gənclərə nüfuzlu jurnallara elmi məqalə yazmaq qaydaları öyrədilir

152

13 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər üçün “Nüfuzlu jurnallara məqalələrin yazılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib. Təqdimatla çıxış edən İnstitutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev öncə bildirib ki, bu mövzularda keçirilən seminarların yenicə akademik elmlə məşğul olmağa başlayan gənc tədqiqatçılar – doktorant, dissertant, magistrantlardan ötrü daha böyük əhəmiyyəti vardır. Çünki onlar həm nəzəri biliklər əldə edmək, həm tədqiqat aparmaq bacarıqları və vərdişləri mənimsəməklə yanaşı, həm də əldə etdikləri elmi nəticələrin məqalə şəklində yazılması və dərc edilməsi qaydalarını öyrənmiş olurlar.

Ə.Sucayev qeyd edib ki, aparılan statistik təhlillərə görə, respublikamızın uzun illər tərkibində olduğu keçmiş Sovetlər Birliyində digər sahələr kimi elmdə də “qapalı rejim” olduğu üçün dünyanın aparıcı elm mərkəzləri, elmi bazaları və elmi jurnalları ilə beynəlxalq əməkdaşlıq mümkün olmurdu: “1965-ci ildən fəaliyyət göstərən Aşqarlar Kimyası İnstitutunun alimləri sovet və müstəqilliyimizin ilk illərində elmi əsərini ən yaxşı halda Rusiya jurnallarında dərc etdirmişlər. Həmin jurnalların bəziləri istisna olmaqla, əksəriyyəti indinin özündə açıq akademik sistemlərdə görünmür. Ona görə də sovet dövründə nəşr olunan məqalələrə dünya alimləri tərəfindən istinad edilməsi mümkün olmamışdır”.

O bildirib ki, bu mövzuda təqdimat Elsevier, Springer, Wiley, Taylor&Francis, Web of Knowledge nəşriyyatlarının nəşr tələbləri və tövsiyələri əsasında hazırlanmışdır.

Ə.Sucayev vurğulayıb ki, həm elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanması, həm də dünyanın aparıcı nəşrlərinə çıxış imkanlarının genişləndirilməsi üçün qoyulan tələb və qaydalara düzgün əməl etmək lazımdır, həmçinin məqalələrin dünyanın aparıcı elmi bazalarında (“Web of Science”, “Scopus”) arxivləşən jurnalların tələblərinə uyğun tərtib olunub, yayınlanması üçün bu seminarın müsbət rolu olacaq. İcraçı direktor seminar iştirakçılarına məqalələrin dünyanın ən məşhur nəşriyyatlarının müxtəlif, yüksək impakt faktorlu, nüfuzlu jurnallarının qaydalarına uyğun şəkildə tərtib olunması, xarici dildə səlis və qrammatik nöqteyi-nəzərdən səhvsiz yazılması, həmin jurnallara onlayn formatda göndərilməsi qaydaları haqqında müfəssəl məlumatlar vermişdir.

İcraçı direktor vurğulayıb ki, institutda çalışan  alimlərin məqalələrinin yüksək indeksə malik jurnallarda nəşrinin artırılmasına bir sıra dəstək tədbirləri həyata keçirilir və bundan sonra da belə maarifləndirici seminarlar mütəmadi olaraq davam etdiriləcək.

Təqdimat zamanı gənclərin sualları cavablandırılıb və mövzu ətrafında İnstitutun elmi katibi k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri, professorlar – Həqiqət Cavadova, Pərvin Məmmədova, aparıcı elmi işçi, k.ü.f.d. Ceyhun Həmidova fikir mübadiləsi aparıblar.

PAYLAŞ