#InsanHüquqlarıAylığı
İyunun 4-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar Təşklatının birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqları və vətəndaş azadlığına elmi yanaşma” mövzusunda maarifləndirmə seminarı keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib ki, tədbiri giriş sözü ilə açan İnstitutun icraçı direktoru professor Əfsun Sucayev tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, belə maarifləndirmə görüşləri yaşından, cinsindən, peşəsindən aslı olmayaraq hüquqi maariflənmənin artırılması, insan hüquqları sahəsində biliklərin dərinləşdirilməsi və hüquqi mədəniyyətin təkmilləşməsi baxımından xüsusi önəm daşıyır. O, qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Aylığın məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirmək və İnsan hüquqlarını təmin etməkdir.
Ə.Sucayevin sözlərinə görə, ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən sistemli və davamlı islahatlara diqqət çəkərək bu islahatların beynəlxalq hüquq normalarına uyğun şəkildə aparıldığını diqqətə çatdırıb.
İcraçı direktor bu tədbirin xüsusən gənc alim və mütəxəssislərin hüquqi biliklərinin artırılması baxımından faydalı olacağına əminliyini ifadə edib.
Sonra seminar iştirakçıları üçün insan hüquq və azadlıqlarına dair maarifləndirici videoçarx təqdim olunub.
Daha sonra İnstitutun Azad Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov “İnsan hüquqları və vətəndaş azadlığına elmi yanaşma” mövzusunda məruzə edib.
Maarifləndirmə seminarı interaktiv müzakirələrlə davam edib. Gənc alim və mütəxəssislərin hüquq və azadlıqlarla bağlı müxtəlif sualları cavablandırılıb, onlar arasında fikir mübadiləsi aparılıb.